AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Qazaxıstanın “Şərq-Qərb” Beynəlxalq Geosiyasi Proqnozlaşdırma Mərkəzi və “Astana” Siyasi Tədqiqatlar Assosiasiyası ilə birgə nəşri olan “Mərkəzi Asiya ölkələri: perspektivlər, çağırışlar və reallıq” adlı məqalələr toplusu rus dilində nəşr edilib.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, toplu Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin yaradılmasının 10 illiyinə həsr edilib.
Topluda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Gürcüstandan olan alimlərin məqalələri yer alıb. Nəşrdə müasir dünyanın qloballaşma prosesləri, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın əhəmiyyəti, həmçinin ümumbəşəri dəyərlər baxımından mədəniyyətlərarası dialoqun mahiyyəti və nəzəri əsasları araşdırılır. Azərbaycan və Asiya mədəniyyətləri arasındakı qarşılıqlı münasibətlərə, sivilizasiyaların inteqrasiyasına və müasir çağırışlara həsr olunmuş tədqiqatlar da təqdim olunur.
Məqalələr toplusunda multikulturalizm problemləri, Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə beynəlxalq münasibətlərin inkişaf meyilləri, həmçinin müsəlman xalqlarının mədəni irsinin qorunmasının rolu ilə bağlı elmi araşdırmalar yer alıb.
Nəşrdə “Qazaxıstanda qlobal iqlim dəyişiklikləri və COP29-un beynəlxalq münasibətlərin inkişafındakı rolu”, “Mərkəzi Asiya ölkələrinin miqrasiya siyasətinin müqayisəli təhlili: əmək miqrantlarının hüquqlarının qorunması mexanizmləri”, “Mədəniyyətlərarası dialoq tələbələrin interkultural kompetensiyasının əsasını təşkil edir”, “Çingiz Aytmatovun romanlarında şəxsiyyət, cəmiyyət və sosial-siyasi mühit” və digər məqalələr dərc olunub.

