Naxçıvan Dövlət Universitetində idman sahəsində uğur qazanan tələbələrin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
Bu barədə "Tehsil365"ə Naxçıvan Dövlət Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsi əməkdaşı Badəm Əliyeva məlumat verib.
Tədbirdən əvvəl universitet tələbələrinin idman sahəsində qazandıqları uğurlardan ibarət sərgiyə və İdman muzeyinə baxış keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev əlamətdar gün münasibətilə iştirakçıları təbrik edib. Rektor bildirib ki, idman gənclərin sağlam həyat tərzinin formalaşmasında, eləcə də onların mənəvi və psixoloji inkişafında mühüm rol oynayır. O, tələbələrin Azərbaycan Respublikası birinciliyində və Olimpiada çərçivəsində keçirilən müxtəlif idman yarışlarında qazandıqları nailiyyətlərdən də söz açıb.
Elbrus İsayev qeyd edib ki, ölkəmizdə idmana göstərilən xüsusi diqqət və qayğı, həmçinin Prezident İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar Azərbaycanın idman potensialının inkişafına mühüm töhfə verir.
Universitetin İdman Klubunun sədri Məmmədəli Rəhimov çıxışında bildirib ki, ali təhsil ocağında tələbələrin idmana cəlb olunması və onların fiziki inkişafının dəstəklənməsi məqsədilə hər il müxtəlif idman yarışları və turnirlər təşkil olunur. Onun sözlərinə görə, bu yarışlar tələbələr arasında sağlam rəqabət mühitinin formalaşmasına, komanda ruhunun güclənməsinə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.
Xarici Dillər fakültəsinin “Tərcümə (ingilis–Azərbaycan dilləri)” ixtisası üzrə IV kurs tələbəsi, şahmatçı Nəsrin Babayeva tələbələr adından çıxış edərək universitetdə gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb. O, tələbələrin təhsil alması və idmanla məşğul olması üçün göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirin davamında idman sahəsində xüsusi fərqlənən tələbələr universitet rəhbərliyi tərəfindən təşəkkürnamələrlə təltif olunub. Bildirilib ki, bu cür mükafatlandırmalar tələbələrin idmana marağının artmasına və yeni uğurlar qazanmasına stimul verir.
Qeyd olunub ki, 2025-ci ildə Naxçıvan Dövlət Universitetinin tələbələri idman sahəsində bir sıra nailiyyətlər əldə ediblər. Belə ki, karate üzrə Tbilisidə keçirilən “Grand Prix” beynəlxalq turnirində universitetin bir tələbəsi I yerə layiq görülüb. Həmçinin beynəlxalq şahmat turnirində də bir tələbə I yer qazanıb.
Azərbaycan birinciliyində isə universitetin tələbələri qılıncoynatma və MMA üzrə I yerə, milli güləş üzrə III yerə, voleybol üzrə isə II yerə sahib olublar.
Naxçıvan Muxtar Respublikası birinciliyində tələbələr stolüstü tennis üzrə iki I yer və bir II yer, badminton üzrə üç I yer və bir II yer, boks üzrə isə iki I yer əldə ediblər.
Regional çempionatda cüdo üzrə bir tələbə I yer qazanıb. Türkiyədə keçirilən Dostluq turnirində isə universitetin cüdoçu tələbəsi III yerə layiq görülüb.
Tədbirin bədii hissəsində NDU nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrindən ibarət “Nuhçıvan Ritm” qrupu və “Bəzmicahan” rəqs kollektivinin ifasında musiqi və rəqs nömrələri təqdim olunub. Çıxışlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

