Azərbaycan Dillər Universitetində (ADU) “Müasir dövrdə etnik üslub” mövzusunda dəyirmi masa və praktiki seminar keçirilib.
Bu barədə "Tehsil365"ə ADU-dan məlumat verilib.
Bildirilib ki, tədbir ölkədə milli mədəni irsin qorunması və onun müasir yaradıcılıq mühitində tətbiqi istiqamətində aparılan müzakirələrin genişləndirilməsi məqsədi daşıyıb. Qeyd olunub ki, tədbirdə qaldırılan mövzular milli mədəni irsin təbliği və yaradıcı sənayelərin inkişafını hədəfləyən “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətləri ilə də səsləşir.
Tədbir ADU-nun İngilis və Fransız Dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayevanın açılış və salamlama nitqi ilə başlayıb. O, çıxışında milli-mədəni dəyərlərin qorunmasının və onların müasir estetik yanaşmalarla vəhdət təşkil etməsinin əhəmiyyətindən danışıb, etnik üslubun milli kimliyin vizual ifadəsində mühüm rol oynadığını vurğulayıb.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova çıxış edərək etnik motivlərin incəsənət və dizayn sahəsində tətbiqi və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. O, milli ornamentlərin və ənənəvi geyim elementlərinin müasir dizayn konsepsiyalarında istifadəsinin həm mədəni irsin qorunmasına, həm də yeni yaradıcılıq yanaşmalarının formalaşmasına töhfə verdiyini vurğulayıb.
Tədbirdə həmçinin Xəzər Universitetinin müəllimi və modelyer Ləman Nəcəf çıxış edərək qloballaşma şəraitində milli motivlərin moda sənayesində tətbiqinin əhəmiyyətindən danışıb. O bildirib ki, etnik elementlərin müasir dizaynla sintezi milli mədəni irsin yaşadılması ilə yanaşı, onun beynəlxalq moda mühitində tanıdılması baxımından da mühüm rol oynayır.
Dəyirmi masa və praktiki seminar çərçivəsində iştirakçılar “Müasir dövrdə etnik üslubun estetik və ideya məzmunu”, “Milli ornamentlərin və ənənəvi geyim elementlərinin çağdaş dizaynda tətbiqi”, “Qloballaşma və milli kimliyin vizual ifadəsi”, eləcə də “Etnik motivlərin moda sənayesində rolu və perspektivləri” kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda sual-cavab sessiyası keçirilib, iştirakçıların fikirləri dinlənilib və mövzu ilə bağlı yekun müzakirələr aparılıb. Qeyd olunub ki, milli mədəni irsin müasir dizayn və moda kontekstində təbliği yaradıcı sənayelərin inkişafına mühüm töhfə verir və bu istiqamətdə keçirilən elmi və praktiki tədbirlər gələcək əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.

