Azərbaycan Dillər Universitetində (ADU) “Dayanıqlı inkişaf məqsədləri” çərçivəsində “Ozon qatını qoruyaq” mövzusunda açıq dərs təşkil olunub.
Bu barədə "Tehsil365"ə ADU-dan məlumat verilib. Bildirilib ki, açıq dərs universitetin Linqvokulturologiya kafedrasının müdiri, filologiya elmləri doktoru Vüsalə Ağabəylinin təşəbbüsü və kafedranın baş müəllimi Rəbiyyə Şamıyevanın təşkilatçılığı ilə İngilis və Fransız dilləri fakültəsinin 318 b qrup tələbələrinin iştirakı ilə keçirilib.
Dərs zamanı ozon qatının əhəmiyyəti, onun zədələnmə səbəbləri və qlobal ekoloji təhlükələr barədə ətraflı məlumat verilib.
Mövzu ətrafında tələbələrlə interaktiv müzakirələr aparılıb, ətraf mühitin qorunması istiqamətində fərdi və ictimai məsuliyyət məsələləri diqqətə çatdırılıb. Tələbələrin mövzu üzrə hazırladıqları təqdimatlar da müzakirə edilib.
Rəbiyyə Şamıyeva çıxışında qeyd edib ki, ekoloji maarifləndirmə gələcəyin sağlam və davamlı cəmiyyətinin formalaşmasında mühüm rol oynayır.
Sonda çıxış edən kafedra müdiri Vüsalə Ağabəyli maarifləndirici müzakirənin təşkilinə görə Rəbiyyə Şamıyevaya və tələbələrə təşəkkürünü bildirərək vurğulayıb ki, ekoloji şüurun artırılması davamlı gələcəyin əsas şərtlərindən biridir.

