Martın 5-də Sumqayıt Dövlət Universitetində (SDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin şəhid ailə üzvləri ilə görüş təşkil olunub.
Bu barədə "Tehsil365"ə Sumqayıt Dövlət Universitetindən məlumat verilib. Bildirilib ki, görüşdə çıxış edən SDU-nun rektoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov şəhid ailə üzvlərini salamlayaraq onları bayram münasibətilə təbrik edib.
Rektor v.i.e. qadınların cəmiyyətdəki rolunun və əməyinin danılmaz olduğunu vurğulayaraq qadının ailədə və ictimai həyatda xüsusi yer tutduğunu qeyd edib. O, çıxışında ana məhəbbətinin böyüklüyündən və qadının övladına olan sonsuz sevgisindən danışaraq Azərbaycan xalqının tarixən qadına, anaya və bacıya böyük hörmətlə yanaşdığını bildirib.
Əminağa Sadıqov həmçinin Azərbaycan cəmiyyətində ailə dəyərlərinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, sağlam və möhkəm ailə institutu milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynayır.
Rektor çıxışında qeyd edib ki, Azərbaycan xalqı üçün ən müqəddəs adlardan biri şəhid adıdır və Vətən uğrunda canını fəda edən qəhrəmanların xatirəsi hər zaman uca tutulur. O, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Tədbirin sonunda şəhid ailə üzvlərinə bayram münasibətilə hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

