İlk dəfə olaraq Yupiterin ən böyük peyki Qanimed üzərində müşahidə edilən qütb parıltılarının incə quruluşu ətraflı araşdırılıb və onların Yer kürəsindəki qütb parıltıları ilə demək olar ki, eyni fiziki mexanizmlərlə yarandığı müəyyən olunub.
Bu barədə “Tehsil365"ə Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. “Juno” kosmik zondunun əldə etdiyi müşahidə materiallarının təhlili göstərir ki, tamamilə fərqli kosmik mühitə baxmayaraq, Günəş sisteminin ən böyük peykinin maqnitosferində baş verən proseslər prinsip etibarilə Yerə çox bənzəyir.
Qanimed Günəş sisteminin ən böyük peykidir. O, Merkuridən də böyükdür. Yupiterin ən böyük 4 peyki Qanimed, Kallisto, Avropa və İo peykləri 1610-cu ildə Qalileo Qaliley tərəfindən kəşf edilib. Bu peykin ən maraqlı xüsusiyyətlərindən biri onun özünəməxsus maqnit sahəsinə malik olmasıdır. Günəş sistemində maqnit sahəsi adətən yalnız böyük planetlərdə müşahidə olunur. Qanimedin maqnit sahəsinin mövcudluğu isə onun qütb parıltılarının yaranmasına şərait yaradır. Qütb parıltıları Günəşdən gələn plazma selinin planetin maqnit sahəsi ilə qarşılıqlı təsiri nəticəsində yaranır. Bu zaman maqnit sahəsi ilə qarşılıqlı təsirə girən elektronlar maqnit qüvvə xətləri boyunca qütblərə yönəlir. Onlar atmosferə daxil olaraq oksigen və azot atomlarını həyəcanlandırır. Həyəcanlanmış atomlar əsas enerji səviyyəsinə qayıdarkən enerji şüalandırır və nəticədə qütb parıltıları yaranır. Lakin Qanimeddə vəziyyət bir qədər daha mürəkkəbdir. Peyk güclü maqnit sahəsinə malik Yupiterin maqnitosferində yerləşdiyi üçün o, birbaşa Günəş küləyi ilə deyil, əsasən Yupiter ətrafında dövr edən plazma axınları ilə qarşılıqlı təsirdə olur. Qanimedin seyrək atmosferi isə əsasən oksigen molekullarından ibarətdir.
2011-ci ildə buraxılmış “Juno” kosmik zondunun əsas məqsədi Yupiteri tədqiq etmək idi. Daha sonra missiyanın müddəti uzadıldı və zond Yupiterin böyük peykləri olan Qanimed, Avropa və İonun yaxınlığından keçərək əlavə müşahidələr aparmağa başlayıb.
2021-ci ildə Qanimedin yaxınlığından keçən “Juno” aparatı ultrabənövşəyi diapazonda müşahidələr aparıb. Bu müşahidələr göstərib ki, peykin qütb parıltıları əvvəl düşünüldüyü kimi bütöv qövs formasında deyil, bir-birinə bağlı parlaq ləkələr zənciri şəklindədir. Oxşar struktur Yer kürəsində lokal geomaqnit qasırğaları zamanı müşahidə olunur. Bu hadisə maqnit sahəsində baş verən lokal pozuntuların sürətlə bərpa olunması nəticəsində formalaşır.
Lakin “Juno” aparatının Qanimedin yaxınlığından uçuşu cəmi 15 dəqiqə davam etdiyi üçün bu parıltıların nə qədər tez-tez yarandığı, necə dəyişdiyi və Yupiterin aktivliyindən hansı dərəcədə asılı olduğu tam aydın deyil.
2031-ci ildə Avropa Kosmik Agentliyi tərəfindən həyata keçiriləcək JUICE missiyası Yupiter sisteminə çatacaq, Qanimed, Kallisto və Avropa peyklərini daha ətraflı araşdıracaq. Bu missiyanın nəticələri Qanimedin maqnit sahəsinin quruluşunu və onun qütb parıltılarının yaranma mexanizmini daha dəqiq anlamağa imkan verəcək.
Qeyd edək ki, tədqiqat işi “Astronomy & Astrophysics” jurnalında çap olunub.

