Türkiyənin Yıldız Universitetinin professoru Süleyman Doğan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə görüşüb.
İnstitutdan “Tehsil365"ə bildirilib ki, akademik Gövhər Baxşəliyeva Şərqşünaslıq İnstitutunda aparılan tədqiqatlar barədə məlumat verib. Süleyman Doğan isə öz tədqiqatları barədə bəhs edib və kitabını Şərqşünaslıq İnstitutuna təqdim edib. Akademik G.Baxşəliyeva da öz növbəsində Yıldız Universitetinin professoruna institutda nəşr olunan kitablardan hədiyyə edib.
Daha sonra Süleyman Doğan Şərqşünaslıq İnstitutunun əməkdaşlarına “Məsnəvidə pedaqoji nəsihətlər” mövzusunda mühazirə oxuyub. O, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” əsərinə əsaslanan pedaqoji nəsihətlərdən danışaraq, onların insanın mənəvi inkişafı, əxlaqı və düzgün davranış formalarının formalaşdırılması haqqında dərin fikirlər təqdim etdiyini bildirib. Professor bu əsərdə hekayə və rəmzlər vasitəsilə izah olunan tərbiyəvi dəyərlərdən bəhs edib. S.Doğan “Məsnəvi”ni insanın şəxsiyyətinin və mənəviyyatının formalaşmasına təsir edən mühüm pedaqoji mənbə kimi qiymətləndirib.

