Bakı Mühəndislik Universitetinin əməkdaşlarının 48 faizini qadınlar təşkil edir. Bu göstərici ali təhsil müəssisəsində gender balansının və bərabər imkanların təmin olunmasının bariz nümunəsidir.
Universitetdən “Tehsil365"ə bildirilib ki, bunu rektor Yaqub Piriyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə söyləyib. Rektor qadınların elmi, pedaqoji və inzibati fəaliyyətlərdə rolunun daha da artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini diqqətə çatdırıb.
Rektor Yaqub Piriyev Azərbaycan qadınının zəka, müdriklik, sədaqət, qəhrəmanlıq və yüksək analıq keyfiyyətləri ilə hər zaman xalqımızın adını uca tutduğunu, tariximizin yeni mərhələsində də taleyüklü məsələlərin həllinə sanballı töhfələr verməyə davam edəcəyini vurğulayıb. O, qadınlarımızın bir çoxunun adlarının çoxəsrlik tariximizin parlaq səhifələrinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb. Bildirib ki, Şərqdə ilk dəfə səsvermə hüququ qazanan Azərbaycan qadını ötən əsrdə cəmiyyətdə artan rolu ilə seçilib.
Yaqub Piriyev vurğulayıb ki, ölkəmizdə qadın siyasətinin fundamental əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Onun təşəbbüsü ilə qadınların ictimai-siyasi həyata fəal inteqrasiyası və bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, qadınların ölkənin ictimai, iqtisadi və mədəni həyatında fəal iştirakı üçün geniş imkanların yaradıldığı diqqətə çatdırılıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti önə çəkilib. Onun şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, təhsil və mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması, eləcə də təbliği istiqamətində həyata keçirdiyi layihələrin Azərbaycan qadınının humanizmi və yüksək mənəvi keyfiyyətlərinin bariz nümunəsi olduğu bildirilib.
Tədbir universitetin Bədii yaradıcılıq bölməsinin hazırladığı konsert proqramı ilə davam edib. Yerli və əcnəbi tələbələrin ifasında təqdim olunan kompozisiyalar və səhnəciklər iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

