BDU-da təhsil alan tələbələrin 68 faizi, əməkdaşların 62 faizi qədərini qadınlar təşkil edir. BDU-nun Azərbaycan təhsilinin, elminin avanqardı olmasında xanım əməkdaşların elmi, pedaqoji potensialının mühüm yeri var.
“Tehsil365" xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbirdə deyib.
Prorektor vurğulayıb ki, Azərbaycan qadını tarix boyu öz mübarizliyi ilə seçilib, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak edib, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında fədakarlıq nümayiş etdirib. Azərbaycan xanımının mərdliyi, dözümü, səmimiliyi, paklıq və sədaqəti, vəfa və isməti ən ali dəyər kimi həmişə qiymətləndirilib. Prorektor Azərbaycanın müsəlman Şərqində ilk dəfə qadınların hüquqlarını tanıyan, onlara seçmək və seçilmək hüququ verən dövlət olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu gün qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq, övladlarının sabahı, Vətənimizin rifahı uğrunda səylə çalışırlar. Onların uğurlu fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılıb. Azərbaycan qadını ölkəmizi dünyada ləyaqətlə təmsil edir, mötəbər kürsülərdən çıxış edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyəti hər bir xanım üçün nümunədir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, BDU-nun kafedra müdiri professor Mətanət Abdullayeva çıxışlarında ölkəmizdə qadınlara göstərilən yüksək diqqət, dəyər və qayğıdan danışıblar.

