Ekspert bildirib ki, normal qidalanma və fiziki aktivlik də boy artımına təsir edən mühüm amillərdəndir.
Tibbi ekspert Adil Qeybulla “Tehsil365”ə açıqlamasında insanların boy artımına təsir edən əsas və əlavə amilləri şərh edib. Onun sözlərinə görə, boy uzunluğu birinci növbədə genetik xarakter daşıyır:
“Əslində boy daha çox genetik faktorlarla bağlıdır. Ola bilər ki, hər iki valideyn hündürboylu olsun, amma uşaq balaca olsun və ya əksinə. Bu, uşağın genetik olaraq hansı boyu daşıması ilə əlaqədardır. Ola bilər ki, uşaq hansısa nəsildə hündürboy birinin genini götürsün.”
Qadınlarda menstrual dövr başladıqdan sonra boy artımı dayanır. Oğlanlarda isə bu proses 20–21 yaşa qədər davam edə bilər, lakin bəzi hallarda istisnalar mümkündür.
Adil Qeybulla gənclərdə müşahidə olunan akselerasiya və retardasiya hadisələrinə də diqqət çəkib:
“Akselerasiya fiziki inkişafın əqli inkişafı üstələməsidir. Yəni bir sinifdə oxuyan uşaqlar öz həmyaşıdlarından daha hündürboy ola bilər. Retardasiya isə əksinə, fiziki inkişafın əqli inkişafdan geri qalmasıdır. Belə halların səbəbi tam bilinmir.”
Ekspertin sözlərinə görə, hazırda müəyyən stimulyasiya faktorları – somatoterapiya, onun monoloqları və analoqları ilə müdaxilələr tətbiq olunur. Lakin xüsusi tibbi ehtiyac olmadığı halda bu üsulların istifadəsi məsləhət görülmür:
“Ümumiyyətlə, boy daha çox genetik xarakter daşıyır. Hazırda müəyyən stimulyasiya faktorları – somatoterapiya və onun analoqları ilə müdaxilələr olunur, amma xüsusi ehtiyac yoxdursa, bu məsləhətli sayılmır.”

