Martın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.
“Tehsil365“ xəbər verir ki, iclasda “Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.
Komitə sədri Polad Bülbüloğlu qeyd edib ki, qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında geniş müzakirə olunaraq qəbul edilib.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev plenar iclas zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər barədə məlumat verib.
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək layihədə “Mədəniyyət haqqında” Qanuna mədəniyyət sahəsində layihələrin maliyyələşdirilməsi ilə bağlı təklif olunan yeni 45.4-cü maddənin əlavə edilməsi barədə məlumat verib. O bildirib ki, təklif edilən dəyişiklik mədəniyyət sahəsində keçirilən tədbirlərin qrant maliyyələşdirilməsi mexanizminin genişləndirilməsini nəzərdə tutur. Nazir müavini bu istiqamətdə görülən işlər barədə də məlumat verib.
Müzakirələrdə dəyişikliklərlə bağlı rəy və təkliflər səsləndirilib.
Qanun layihəsi ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

