Naxçıvan Dövlət Universitetinin nəzdində İngilisdili Təmayüllü Gimnaziyanın komandası “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində böyük uğura imza ataraq I yerə layiq görülüb və qızıl medal qazanıb.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki,Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, gimnaziyanın XI sinif şagirdləri Hüseyn Tahirov və Kənan Məmmədzadənin təqdim etdikləri “ReseptPlus” adlı innovativ layihə ilə müsabiqədə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Layihənin elmi rəhbəri Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin müdiri, “Meliorasiya və ekologiya mühəndisliyi” kafedrasının müəllimi Hüseyn İmanovdur.
Bu il müsabiqəyə 760 layihə təqdim olunub. Seçim mərhələsindən uğurla keçən 152 layihə (127 kollektiv, 25 fərdi) final mərhələsində iştirak edib. IX–XI sinif şagirdləri riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt olmaqla 9 istiqamət üzrə layihələrini təqdim ediblər.
Komanda may ayında ABŞ-də keçiriləcək Regeneron ISEF beynəlxalq elm və mühəndislik sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, layihənin müəllifi Hüseyn Tahirov təhsil və olimpiada sahəsində qazandığı uğurlarla seçilir. O, 9-cu sinif üzrə ümumi orta təhsil haqqında attestat imtahanında 291 bal toplayaraq qırmızı attestata layiq görülüb.
Hüseyn Tahirov Dünya Robot Olimpiadasının Azərbaycan finalında “Robosports” kateqoriyası üzrə 1-ci yer qazanaraq Panama Respublikasında ölkəmizi təmsil edib. X sinifdə isə Türkiyədə keçirilən final mərhələsində ölkəmiz adından yarışıb və Azərbaycan bu olimpiadada 110 ölkə arasında 11-ci yeri tutub.
H.Tahirov respublika fənn müsabiqələrində riyaziyyat üzrə 4-cü yer, gimnaziyaya qəbul imtahanında muxtar respublika üzrə 2-ci yer, STEAM sahəsində keçirilən layihələrdə 6 dəfə qalibiyyət və “STEAM Azerbaijan 2022” festivalında nominasiya üzrə 2-ci yer əldə edib.
Bundan əlavə, informatika üzrə respublika fənn olimpiadasında Naxçıvan üzrə ilk dəfə final mərhələsinə yüksələn şagird olub.

