Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarəolunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər keçirilib.
Nazirliyin mətbuat xidmətindən “Tehsil365” AZƏRTAC-a istinadən xəbər verir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən görüşlərin məqsədi uşaqlarda ekoloji biliklərin artırılması, təbiətə həssas münasibətin formalaşdırılması, davamlı inkişaf prinsiplərinin təşviqi və ekoloji tarazlıq anlayışının gücləndirilməsindən ibarətdir.
Xaçmaz rayonunun İstisu, Astaranın Təngərüd, Zaqatalanın Ş.İsayev adına Muxax kənd və İsmayıllının 2 nömrəli tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlərə məişət tullantılarının düzgün toplanılması, çeşidlənməsi və emalı qaydaları haqqında ətraflı məlumat verilib, tullantıların azaldılması, təkrar istifadənin təşviqi, təbii ehtiyatlardan məsuliyyətli istifadə və gündəlik davranışların ekoloji tarazlığa təsiri haqqında müzakirələr aparılıb.
Xaçmaz rayonunun İstisu kənd tam orta məktəbində keçirilən görüş zamanı şagirdlərin tullantılardan hazırladıqları yaradıcı əl işləri təqdim olunub. Zaqatala rayonunun Ş.İsayev adına Muxax kənd tam orta məktəbində isə “Təmiz təbiət” mövzusunda qrup işi təşkil edilib, şagirdlər hazırladıqları təqdimatlarla çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar.

