Martın 6-da Baş Prokurorluqda qadın prokurorluq işçilərinin, dövlət qulluqçularının, veteranların, habelə qonaq qismində dəvət olunmuş Milli Məclisin qadın deputatlarının və media nümayəndələrinin iştirakı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev iştirakçıları təbrik edərək onlara fəaliyyətlərində uğurlar, yeni nailiyyətlər, sağlamlıq və ailə səadəti arzulayıb. O bildirib ki, Azərbaycan qadını hər zaman cəmiyyətdə layiqli yer tutub, dövlət idarəçiliyində və ictimai həyatda fəal mövqe nümayiş etdirib. Qeyd olunub ki, qadın hüquqlarının qorunması və onların ictimai fəallığının artırılması məsələsinə Ümummilli Lider Heydər Əliyev tərəfindən daim xüsusi diqqət göstərilib, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş prokuror, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyata keçirdiyi humanitar təşəbbüslər və beynəlxalq miqyaslı fəaliyyəti barədə də danışıb.
Qadınların cinayətkarlığa qarşı mübarizə və ədalət mühakiməsinin həyata keçirilməsində mühüm rolundan bəhs edən Kamran Əliyev bildirib ki, hazırda prokurorluq orqanlarında çalışan qadınlardan 131 nəfəri müsabiqə yolu ilə işə qəbul olunub. Onlardan 13-ü rəhbər vəzifələrdə çalışır ki, bunlardan 1-i Baş Prokurorluqda idarə rəisi, 4-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 1-i idarə rəisinin müavini - şöbə rəisi, 1-i hərbi prokurorluq orqanlarında şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsini tutur.
Tədbirdə Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Real TV-nin baş redaktoru Səbinə Ağayeva, Baş Prokurorluğun Elmi-Məsləhət Şurasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova, prokurorluğun veteranı Zöhrəbanu Kişiyeva, Qobustan rayon prokuroru Səadət Rüstəmova və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məsləhətçisi Ruhanə Rəsulova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda Baş prokuror tərəfindən bir qrup iştirakçıya mükafatlar təqdim olunub

