Azərbaycanın Almaniyadakı səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xalq rəssamı Əşrəf Heybətovun 75 illik yubileyinə həsr olunmuş “Doğma Vətənin rəngləri” adlı sərgisi keçirilib.
“Tehsil365” əvvəlcə Əşrəf Heybətovun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirdə çıxış edərək, 1990-cı illərin ortalarından Almaniyada yaşayan Əşrəf Heybətovun yaradıcılığının geniş coğrafiyanı əhatə etdiyini, əsərlərinin Cenevrədə BMT-nin Millətlər Sarayı, Brüsseldə NATO-nun mənzil-qərargahı, Vatikan, İordaniya Kral Sarayı və Rumıniya Prezident Sarayı kimi nüfuzlu məkanlarda nümayiş etdirildiyini xatırladıb. Bildirilib ki, onun fəaliyyəti Azərbaycanda da yüksək qiymətləndirilib və incəsənətin inkişafına verdiyi töhfələrə görə rəssama əvvəlcə “Əməkdar rəssam”, daha sonra isə “Xalq rəssamı” fəxri adları verilib.
Səfir müxtəlif janrlara müraciət edən Əşrəf Heybətovun yaradıcılığında sülh, mədəni irs, insan amilinin xüsusi yer tutduğunu vurğulayıb. Eyni zamanda, mədəni təşəbbüslərin təşkilatçısı kimi də fəal olan Əşrəf Heybətovun Almaniyada Azərbaycan mədəniyyətinin tanıdılmasına və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verdiyi qeyd edilib.
Sonra Nəsimi Ağayev Diasporla İş üzrə Dövlət Komitəsinin Əşrəf Heybətovun 75 illik yubileyinə həsr etdiyi təbrik plaketini rəssama təqdim edib.
Xalq rəssamı Əşrəf Heybətov yaradıcılığına və fəaliyyətinə göstərilən diqqətə, eləcə də sərginin yüksək səviyyədə təşkilinə görə dərin minnətdarlığını ifadə edib, harada olmasından asılı olmayaraq daima Vətənə ülvi məhəbbətini əsərləri vasitəsilə izhar etməyə çalışdığını vurğulayıb.
Çıxışlardan sonra iştirakçılar sərgi ilə tanış olublar. Ekspozisiyada tanınmış rəssamın müxtəlif mövzulara həsr etdiyi 40-a yaxın əsəri nümayiş etdirilib. Rəssamın zəngin və çoxşaxəli yaradıcılığını əks etdirən əsərlərdə Vətən sevgisi, Azərbaycanın qədim adət-ənənələri, füsunkar təbiəti və zəngin mədəni irsini təcəssüm edən motivlər xüsusi yer tutub. Rənglərin və bədii ifadənin ahəngi ilə seçilən əsərlər ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

