Azərbaycanın Argentinadakı səfirliyi tərəfindən kəlağayı sənətinin təbliğinə və kəlağayı simvolizminin öyrənilməsinə həsr olunmuş ustad dərsləri keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, dörd gün davam edən ustad dərslərinin açılış günü Azərbaycan səfirliyində, Argentinadakı diplomatik nümayəndəlik rəhbərlərinin xanımları, ölkədə böyük nüfuza malik yüksəksəviyyəli qonaqlar və yerli media nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbirdə kəlağayı sənətinin tarixi və incəlikləri haqqında videoçarx nümayiş etdirilib, daha sonra isə ustad dərslərində qonaqlar öz kəlağayılarını hazırlayaraq, bu ənənəvi sənətin atributları ilə tanış oldular.
Buenos-Ayresdəki Yunus Əmrə İnstitutunun ev sahibliyi etdiyi və ictimaiyyətə açıq olan növbəti üç gün ərzində isə argentinalılara kəlağayı sənətinin ənənəvi kökləri, çətinliyi, eyni zamanda, qədim İpək Yolunun üzərində yerləşən və Şərqlə Qərbi birləşdirən Azərbaycanda ipəkçiliyin əhəmiyyəti barədə məlumat verilib. Tədbirdə çıxış edən səfir Rəmzi Teymurov, qadın zərifliyinin simvolu olan bu sənət barədə danışarkən Azərbaycan qadınının cəmiyyətdə xüsusi rolunu vurğulayıb. Qadın zərifliyinin ən bariz nümunəsi olan bu sənət növünün hazırlanma texnikasının xüsusiliyi baxımdan 2014-cü il noyabrın 26-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini bildirib, ölkəmizdə həmin tarixin Kəlağayı Günü kimi qeyd edildiyini vurğulayıb.
Ümumilikdə 100-ə yaxın iştirakçının qatıldığı ustad dərsləri zamanı Azərbaycanın milli şirniyyatları təqdim edilib, tədbirin mart ayına təsadüf etməsi baxımından, həmçinin Novruz atributları və ənənələri barədə ətraflı məlumat verilib. Sonda iştirakçılara öz hazırladıqları kəlağayılarla birlikdə Azərbaycanın “İrs-Heritage” jurnalının müxtəlif nəşrləri də təqdim olunub.

