Bu gün Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 81-ci ildönümü tamam olur.
“Tehsil365" xəbər verir ki, Xuraman Hacıyeva çəkildiyi filmlər və televiziya tamaşaları ilə, səhnədə yaratdığı obrazlarla yaddaşlarda iz buraxmış aktrisadır.
O, 1965-ci ildə kinorejissor Tofiq Tağızadənin ekranlaşdırdığı "Arşın mal alan" bədii filmində Asya rolunu canlandırıb və bu ekran işi aktrisaya şöhrət gətirib. Sonralar Seyid Hüseynin "Gənclik macərası" televiziya tamaşasında ifa etdiyi Şirinnaz ilə daha da məşhurlaşan aktrisa çalışdığı teatrda bir-birindən maraqlı obrazlar yaradıb.
Əməkdar artist Loğman Kərimov sənət dostu haqqında deyib: “Mən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına gələndə burada böyük sənət yaradan aktyorları, aktrisaları gördüm. Onların içərisində Xuraman Hacıyeva da vardı. O, həmişə səliqəli geyinən, gülərüzlü bir xanım kimi yadımda qalıb. Onda daim işləmək həvəsi vardı. Teatrın repertuarındakı əksər tamaşalarda oynayırdı. Həm dram, həm də komediya janrlı tamaşalarda peşəkarlıq nümayiş etdirirdi. Səhnəyə çıxanda tamaşaçıların ona necə heyranlıqla baxdıqlarını görürdüm. Həmin vaxtlarda tamaşa bitəndən sonra tamaşaçılar aktyorları, aktrisaları küçədə gözləyirdilər. Onlarla söhbət etmək, fikirlərini bölüşmək istəyirdilər. Xuraman Hacıyeva da izləyicilərinin sevgisi ilə əhatələnən aktrisalarımızdan idi. Təəssüf edirəm ki, tez rəhmətə getdi. Teatrda və kinoda yaşlı qadın obrazlarını yaratmaq ona qismət olmadı”.
Xuraman Hacıyeva teatrdakı fəaliyyətinə görə 1979-cu ildə Əməkdar artist, 1999-cu ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Gənc Tamaşaçılar Teatrında oynadığı Ceyran ("Yolda", Hüseyn Arif), Qızılgül ("Aycan", Xanımana Əlibəyli), Rəna ("Təzə şagird", Qılman İlkin), Eyzəngül ("Şirinbala bal yığır", Salam Qədirzadə), Gülsüm ("Yadındamı?", Altay Məmmədov), Gülzar ("Tamahkar", Süleyman Sani Axundov), Cemma ("Ovod", Etel Lilian Voyniç) aktrisanın yaradıcılığında xüsusi yer tutur.
Xalq artisti 2005-ci il fevralın 15-də Bakıda vəfat edib, Ucar rayonunda dəfn olunub.

