Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi, regional idarələrin, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
“Tehsil365" xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, şəhidlərin həyat yoldaşlarını və onların əmanəti olan qız övladlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Qeyd olunub ki, qadınlarımız Vətən müharibəsi dövründə də öz məğrurluqları, vətənpərvərlikləri və milli təəssübkeşlikləri ilə seçiliblər. 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədə Azərbaycan qadınlarının da mühüm payı var. Qəhrəman övladların yetişdirilməsində, onların vətənpərvər ruhda böyüdülməsində anaların göstərdiyi fədakarlıq xüsusi vurğulanıb.
Milli Məclisin deputatı Rizvan Nəbiyev Azərbaycan qadınlarının dünya miqyasında qazandığı uğurlardan danışıb. Bildirib ki, qadınlarımız beynəlxalq aləmdə nüfuzları, bəşəriyyətə və dünya mədəniyyətinə verdikləri töhfələrlə seçilirlər.
Deputat Nigar Məmmədova isə Azərbaycan qadınlarının ailə bağlarının möhkəmləndirilməsində və milli mədəniyyətimizin qorunub saxlanılaraq nəsildən-nəslə ötürülməsində mühüm rol oynadıqlarını qeyd edib.
Vətən müharibəsi şəhidi Əli Ələkbərovun anası Rəna Bağırova və Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açaraq buna görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Abşeron rayonunun ictimai-siyasi həyatında fəallığı ilə seçilən, milli-mənəvi dəyərlərin təbliğində xidmətləri olan xanımlara fəxri fərmanlar təqdim olunub.
Tədbirdə konsert proqramı təqdim edilib.

