Qusar Dövlət Ləzgi Dram Teatrı 8 Mart – Beynəlxalq Qadınlar Günü və Milli Teatr Günü münasibətilə tamaşaçılarına xüsusi kompozisiya təqdim edib.
“Tehsil365" AZƏRTAC-ın bölgə müxbirinə istinadən xəbər verir ki, bayram tədbirində kollektiv sevilən səhnə əsərlərindən parçalar nümayiş etdirib. Kompozisiyada müxtəlif tamaşalardan hissələrlə yanaşı, milli rəqslər, folklor nümunələri həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlər yer alıb.
Qusar Dövlət Ləzgi Dram Teatrının bədii rəhbəri Faiq Qardaşov bildirib ki, yaranmasının 153-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib. Hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.
Qusar Dövlət Ləzgi Dram Teatrı 34 il əvvəl yaradılıb və regionda teatr sənətinin inkişafına öz töhfələrini verir. Teatr fəaliyyətdə olduğu illər ərzində 100-dən çox səhnə əsərini tamaşaçılara təqdim edib.
Tamaşadan sonra Milli Teatr Günü münasibətilə Qusar Dövlət Ləzgi Dram Teatrının aktyorlarına hədiyyələr təqdim olunub.

