“Uşaqlarda diqqət və yaddaş problemləri erkən mərhələdə aşkar olunarsa, düzgün yanaşma ilə onların qarşısını almaq mümkündür”
Bu fikirləri “Tehsil365”ə müsahibəsində nevroloq Hacı Babayev bildirib.
Uşaqlarda diqqət və yaddaş problemləri niyə yaranır?
— Bu problemlərin müxtəlif səbəbləri ola bilər. Bəzən uşağın yuxu rejiminin pozulması, həddindən artıq ekran qarşısında vaxt keçirməsi və ya stresli mühitdə olması diqqət və yaddaşa mənfi təsir göstərir.
Valideynlər bu problemləri necə hiss edə bilər?
— Əgər uşaq dərs zamanı tez diqqətini itirirsə, verilən tapşırıqları tez-tez unudursa və ya dərsə marağı azalırsa, bu hallara diqqət yetirmək lazımdır. Belə vəziyyətlərdə mütəxəssisə müraciət etmək faydalı olur.
Məktəb mühiti uşaqların sinir sisteminə necə təsir edir?
— Məktəb uşaqların inkişafında mühüm rol oynayır. Dərslərin maraqlı və interaktiv keçirilməsi, müəllimlərin dəstəkçi münasibəti uşaqların diqqət və motivasiyasını artırır.
Uşaqların sinir sisteminin sağlam inkişafı üçün nə tövsiyə edirsiniz?
— Düzgün qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik və texnologiyadan balanslı istifadə uşaqların sinir sisteminin sağlam inkişafına kömək edir.
Valideynlər uşaqların psixoloji və nevroloji sağlamlığı üçün nələrə diqqət etməlidirlər?
— Valideynlər uşaqların gündəlik rejiminə, emosional vəziyyətinə və məktəbdəki fəaliyyətinə diqqət yetirməlidirlər. Uşağın özünü rahat hiss etdiyi və dəstək gördüyü mühit onun sağlam inkişafı üçün çox önəmlidir.

