Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat başlanıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) “Tehsil 365”-ə bildirilib ki, qeydiyyat prosesi martın 18-i saat 18:00-dək davam edəcək. İmtahan aprelin 6-da DİM-in elektron imtahanlar korpusunda (Binəqədi rayonu, S.S.Axundov, 50) kompüter vasitəsilə elektron formada keçiriləcək.
Namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, müvafiq xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet”in pul hesabına imtahanda iştirak üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş, lakin imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

