Onun sözlərinə görə, gənclər çox zaman hər şeyi bilmək istəsələr də, nəticədə az bilənlərdən olurlar və ən böyük çatışmazlıqlardan biri də kitaba maraqlarının olmamasıdır.
“Tehsil365”ə açıqlama verən Anar Vəziroğlu bildirib ki, müasir dövrdə gənclərin qarşılaşdığı əsas çətinliklərdən biri informasiya bolluğu içində düzgün mənbəni seçə bilməmələridir.
“Azərbaycan gənclərinin ən böyük problemi informasiya bolluğunun içində doğru mənbəni seçməməsidir. Sadəcə olaraq arxayıncasına istəyirlər ki, hər şeyi bilsinlər, amma çox istəyib az olanlardandır və ümumiyyətlə kitaba həvəslərinin olmamasıdır. Mən axır vaxtlar nə metroda, nə də fərqli ictimai yerlərdə heç bir gəncin əlində nə kitab, nə də qəzet görməmişəm. Sadəcə olaraq hazıra nazır olmaq istəyirlər. Məsələn, Tiktoka girirlər və ya başqa platformalara, beş dəqiqə içində bir çox məlumat əldə edirlər. Söhbət nədən gedir? Əslində bu informasiya deyil, bu korluqdur. Sadəcə olaraq beyin o qədər yüklənir ki, daha kitab oxumağa, ya da hansısa mətbuat orqanı ilə maraqlanmağa həvəs olmur,” – deyə Anar Vəziroğlu vurğulayıb.
O qeyd edib ki, gənclərin dünyada baş verən hadisələrə münasibəti də zəifdir: “Hətta dünyada baş verən hadisələrə münasibətləri sıfırdır. Çünki dünyada haqqında çox da məlumatları yoxdur. Şərq haradır, Qərb haradır, Şimal haradır, Cənub haradır bilmirlər. Bir çox ölkə haqqında belə məlumatları yoxdur. Bunlar orta məktəbdən qaynaqlanır, niyə? Çünki orta məktəblərdə ancaq büsbütün fərqli fənlər keçilir.”
Anar Vəziroğlu əlavə edib ki, gənclər araşdırma və inkişaf əvəzinə daha asan yollar axtarırlar: “Gənclər artıq araşdırma və inkişaf yerinə daha fərqli metodlar seçirlər. Məsələn, nəğmə dərsləri. Burada gənclərin bir çoxunun fikri bəstəkarlara pul versinlər, mahnı oxusunlar, qazansınlar şəklindədir. Əvvəlki kimi elmə önəm verilmir, daha asan yollar axtarılır.”
O, təhsil sistemindəki problemlərə də toxunaraq bildirib ki, valideynlər uşaqları çox kiçik yaşdan repetitor yanına qoyurlar: “Təhsil Nazirliyi təhsili yaxşılaşdırmaq üçün bir çox təşəbbüslər edir, ancaq valideynlər bununla kifayətlənmirlər. Doğrudur, bir neçə fəndən repetitor yanına getmək lazımdır zəif olduqda, ancaq artıq bütün fənlərdən yox. Çünki uşaqlar çox kiçik yaşdan repetitor yanına qoyulur və nə gəncliklərini, nə də uşaqlıqlarını tam yaşaya bilmirlər. Bir universitetə daxil olana kimi bu hal belə davam edir. Bu da bir çox yerdə gənclərin inkişafına mane olur.”
Anar Vəziroğlu vurğulayıb ki, marağı olmayan gənclərin universitetə məcburən yönləndirilməsi də ciddi problemdir: “Bundan əlavə, ali savadı güclü olmayan uşaqlar ailələri tərəfindən universitet oxumağa bir növ məcbur edilirlər. Sadəcə hansısa bir sənətə marağı olan bir sahəyə yönləndirmək yerinə ‘hamının uşağı universitet oxuyur, qoy mənim də uşağım oxusun’ deyirlər. Ancaq marağı olmayanlar nə universitetdə, nə də gələcək iş həyatında uğurlu ola bilmirlər. Bu da bir yöndən gənclərin inkişafına mənfi təsir göstərir.”

