Akademik Milli Dram Teatrında 10 Mart – Milli Teatr Günü münasibətilə təntənəli tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdən əvvəl teatrın əməkdaşlıq haqqında memorandum imzaladığı türkdilli ölkələrin milli teatrlarının rəhbərləri ilə görüş baş tutub.
Akademik Milli Dram Teatrının dəvəti ilə tədbirdə azərbaycanəsilli məşhur aktyor, Türkiyənin Dövlət Teatrlarının baş direktoru Tamer Qaradağlı, İstanbul Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının direktoru Ayşəgül İşsevər, Özbəkistan Milli Akademik Dram Teatrının direktoru, Özbəkistan və Tacikistanın Xalq artisti Yodqar Saqdıyev, Qazaxıstan Dövlət Akademik Milli Dram Teatrının direktoru Erkin Juasbek, Türkiyədə fəaliyyət göstərən Xalq artisti Cahangir Novruzov iştirak ediblər.
Görüş zamanı bildirilib ki, türk dövlətlərinin, ümumilikdə isə türk mədəniyyətinin nümayəndələrinin iştirakı ilə mühüm təşəbbüslər irəli sürülür. Vurğulayıblar ki, bu görüş və keçirilən tədbir mühüm hadisədir. Belə təşəbbüslər türk dövlətlərini bir araya gətirərək mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Qeyd olunub ki, bundan sonra hər il martın 10-da türkdilli dövlətlərin mədəniyyət nümayəndələrinin Azərbaycanda bir araya gələrək bu bayramı birlikdə qeyd etməsi məqsədəuyğun olardı. Vurğulanıb ki, bu təşəbbüs ümumtürk teatr mədəniyyətinin inkişafına xidmət edən gözəl bir nümunəyə çevrilə bilər.
Tədbir çərçivəsində qonaqlar “Türk dünyası: ortaq köklər və dəyərlər” adlı sərgi ilə də tanış olublar.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov Milli Teatr Gününün əhəmiyyətindən danışaraq bildirib ki, bu gün təkcə teatr tariximizə nəzər salınmır, eyni zamanda bu sənətin xalqımızın mənəvi həyatında və milli-mədəni inkişafında oynadığı mühüm rol bir daha xatırlanır.
Nazir müavininin sözlərinə görə, Milli Teatr Günü milli mədəniyyətimizin zənginliyinə işıq salmaqla yanaşı, teatr sənətinin cəmiyyət üçün əhəmiyyətini də ön plana çıxarır.
O bildirib ki, Azərbaycan teatrı özünəməxsus estetikası, zəngin mədəni irsi və dərin fəlsəfi məzmunu ilə təkcə ölkə daxilində deyil, beynəlxalq müstəvidə də böyük rəğbətlə qarşılanır. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq teatr festivalları və mədəni tədbirlərdə fəal iştirak edən sənət adamlarımız milli səhnə ənənələrimizi və yaradıcılıq potensialımızı dünya ictimaiyyətinə uğurla təqdim edirlər.
Nazir müavini vurğulayıb ki, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və digər qardaş ölkələrlə mədəniyyət və teatr sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, təcrübə mübadiləsi, birgə layihələr və səhnə tamaşalarının təşkili vasitəsilə türk dünyasının zəngin mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atılır.
Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov qeyd edib ki, Milli Teatr Günü münasibətilə belə bir tədbirdə Türk dünyasını təmsil edən teatrların bir araya gəlməsi olduqca qürurvericidir.
B.Aşrafxanov vurğulayıb ki, bu cür layihələr xalqları bir-birinə daha da yaxınlaşdıran, ortaq kökləri, mədəni bağları və mənəvi dəyərləri yaşadan olduqca qiymətli təşəbbüslərdir.
Tədbir çərçivəsində, həmçinin Teatr Xadimləri İttifaqı tərəfindən teatr sənətində mühüm xidmətləri olan sənətkarların mükafatlandırılması mərasimi keçirilib.
Tədbir bədii hissə ilə davam edib.

