“Azərbaycan dövləti gənclərə böyük dəyər verir və həyata keçirilən proqramlar bunun bariz nümunəsidir”.
“Tehsil365” xəbər verir ki, bu sözləri Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalov “Təhsilinlə fərqlən: Qlobal təcrübə, milli dəyər” adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dövlət tərəfindən ayrılan maliyyə dəstəyinin əsas məqsədi gənclərin xaricdə keyfiyyətli təhsil alaraq ölkənin inkişafına töhfə verməsidir.
R.Zeynalov qeyd edib ki, gənclər xaricdə təhsil almaqla yanaşı, əldə etdikləri bilik və təcrübəni Azərbaycana gətirməli və ölkədə yeniliklərin tətbiqinə töhfə verməlidirlər. O vurğulayıb ki, xüsusilə müasir texnologiyalar və innovasiya sahəsində ixtisaslaşan gənclərə böyük ehtiyac var.
O əlavə edib ki, “Xaricdə təhsil üzrə Dövlət Proqramı”nı qazanmaq asan deyil və bu proses ciddi hazırlıq tələb edir. Onun sözlərinə görə, namizədlər yalnız xarici dil biliyi ilə deyil, həm də praktik bilik və bacarıqları ilə seçilməlidirlər, çünki proqram çərçivəsində namizədlər komissiya tərəfindən ətraflı qiymətləndirilir.
R.Zeynalov gənclərə müraciət edərək bildirib ki, belə imkanlar ildən-ilə genişlənsə də, bu şanslardan yararlanmaq üçün gənclər daim öz üzərində çalışmalı və gələcəklərini düzgün planlaşdırmalıdırlar.
O qeyd edib ki, dövlət tərəfindən gənclərin inkişafı üçün müxtəlif proqramlar həyata keçirilir və bu istiqamətdə “Yüksəliş” müsabiqəsi kimi layihələr də gənclərə yeni imkanlar yaradır. Bütün bunlar Azərbaycanın gələcəyinin savadlı və təşəbbüskar gənclər üzərində qurulduğunu göstərir.

