Son illər immuniteti gücləndirdiyi iddia olunan müxtəlif bitkilər, vitaminlər və qida əlavələri geniş şəkildə reklam olunur. Bəs bu məhsullar həqiqətən təsirlidirmi?
Mövzu ilə bağlı tibb eksperti Qalib Əsədov “Tehsil365” İnformasiya Agentliyinə açıqlama verib.
Tibb eksperti bildirib ki, immuniteti xüsusi üsullarla gücləndirmək mümkün deyil və bu barədə yayılan məlumatların bir qismi daha çox reklam xarakteri daşıyır.
Onun sözlərinə görə, immun sistemi mürəkkəb mexanizmə malikdir və əsasən özünü özü tənzimləyir:
“İmmun sistemi xüsusi bir sistemdir və o, özünü özü tənzimləyir. ‘İmmuniteti gücləndirir’ adı ilə satılan bir çox bitki və məhsullar əslində daha çox reklam xarakteri daşıyır.”
Ekspert son illər vitamin və qida əlavələrinin istifadəsinin artmasını da bu məhsulların geniş şəkildə təbliğ olunması ilə əlaqələndirib:
“Bu gün vitamin və qida əlavələri aktiv şəkildə reklam olunur və insanlar da buna inanaraq istifadə edirlər. Əslində müasir dövrdə insanlar aclıqdan yox, daha çox toxluqdan əziyyət çəkir. Vitamin çatışmazlığı problemi isə əvvəlki dövrlərlə müqayisədə xeyli azalıb.”
Qalib Əsədov dərman istifadəsi zamanı vətəndaşların diqqətli olmasının vacibliyini də vurğulayıb. O bildirib ki, dərmanlar yalnız həkim məsləhəti ilə qəbul edilməlidir:
“İnsanlar dərman alarkən həkimin yazdığı reseptə əməl etməlidirlər. Özbaşına dərman almaq və istifadə etmək doğru deyil.”

