Cəbrayıl rayonu Horovlu kənd tam orta ümumtəhsil məktəbində Novruzun gəlişini müjdələyən, xalqımızın qədim adət-ənənələrini özündə yaşadan Yel çərşənbəsi münasibətilə maraqlı və rəngarəng tədbir təşkil olunub.
“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, Horovlu kənd məktəbindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir ibtidai sinif müəllimi Vüsalə Rüstəmovanın rəhbərliyi ilə keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə Novruz bayramının zəngin adət-ənənələrini, milli-mənəvi dəyərlərimizi aşılamaq, bu dəyərləri qoruyub gələcək nəsillərə ötürmək olub. Şagirdlər tədbir zamanı Novruz ruhunu əks etdirən rəqs nümunələri nümayiş etdirib, bayram nəğmələri və haxıştalar səsləndiriblər. Onların ifaları tədbirə xüsusi rəng və sevinc qatıb. Bayramın ən maraqlı məqamlarından biri isə Kosa ilə Keçəlin səhnəyə gəlməsi olub. Onların şən çıxışları tədbir iştirakçılarında xoş ovqat yaradıb və şagirdlərin sevincinə sevinc qatıb.
Tədbirdə məktəbin direktoru Zamiq Həmzəyev, təlim-tərbiyə işləri üzrə direktor müavini İmanverdi Rüstəmov şagirdləri bayram münasibətilə təbrik edib, Novruzun xalqımız üçün daşıdığı mənəvi dəyərlərdən bəhs edərək öz xoş arzularını bildiriblər. Tədbirin sonunda məktəbin həyətində Novruz tonqalı qalanıb. Şagirdlər tonqal ətrafında toplaşaraq baharın gəlişini böyük sevinclə qeyd ediblər.

