Alimlərin yeni araşdırmasına görə bəzi qarışqa növləri gecə vaxtı istiqaməti müəyyən etmək üçün Ay işığından istifadə edir.
“Tehsil365” xarici KİV-ə istinadən xəbər verir ki, bu həşəratlar səmadakı qütbləşmiş işıq nümunələrini hiss edərək hərəkət istiqamətlərini müəyyənləşdirə bilirlər.
Mütəxəssislərin sözlərinə görə, Ay işığı Günəş işığından xeyli zəif olsa da, qarışqaların görmə sistemi bu zəif siqnalları qəbul etməyə imkan verir. Araşdırma zamanı səmadakı işıq nümunəsi xüsusi filtrlərlə dəyişdirildikdə qarışqaların da istiqamətlərini dəyişdiyi müşahidə olunub.
Alimlər hesab edirlər ki, bu kəşf heyvanların naviqasiya qabiliyyətinin öyrənilməsi ilə yanaşı, gələcəkdə robot və avtonom sistemlər üçün yeni istiqamət müəyyənləşdirmə texnologiyalarının hazırlanmasına da kömək edə bilər.

