British Petroleum"(BP)-nin maliyyə dəstəyilə həyata keçirilən "Azərbaycan Kinosu: Yığcam Ensiklopediya (1898 – 2025) kitabının təqdimat mərasimi keçirilib.
"Təhsil365" xəbər verir ki, təqdimat mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, deputatlar, tanınmış kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan "BP-Azerbaijan" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tamam Bayatlı bildirib ki, kitab Azərbaycan kinosunun zəngin tarixini əhatə edən mühüm nəşrlərdən biridir.
T.Bayatlı qeyd edib ki, nəşr Azərbaycan kino tarixində ilk 4 cildlik ensiklopedik əsər kimi hazırlanıb və milli kinematoqrafiyanın inkişaf mərhələlərini sistemli şəkildə təqdim edir.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycan milli kinosunun 128 il ərzində keçdiyi yolun olduqca zəngin və keşməkeşli olduğunu bildirib.
"Yaxın on illik üçün hesablanan "Azərbaycan Mədəniyyəti 2040" mədəniyyət konsepsiyasında kino sahəsinə sanaye yanaşmasının tətbiqi prioritet məsələlərdən biridir".
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Kino Agentliyi son 3 il ərzində beynəlxalq kino qurumları ilə 7 əməkdaşlıq müqaviləsini imzalayıb.
BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli Azərbaycan kinosunu milli yaddaşın formalaşmasında mühüm rol oynayan amil adlandırıb.
Onun sözlərinə görə, kino milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır:
"Milli-mənəvi dəyərlər, ictimai düşüncə və müəyyən ideoloji baxışlar filmlər vasitəsilə cəmiyyətə çatdırılır. Kino sayəsində Azərbaycan dəyərləri dünyaya təqdim olunur və tanıdılır".
Ensiklopediyanın müəllifi, əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə isə çıxışı zamanı kitabın ərsəyə gəlməsi ilə bağlı fikirlərini bölüşüb.
Kinoşünas vurğulayıb ki, 63 illik fəaliyyəti ərzində filmlərlə bağlı apardığı araşdırmalar yığcam halda yeni nəşr olunan kitabda öz əksini tapıb.
"Bu kitabın çap edilməsi mənim üçün olduqca əhəmiyyətlidir", – deyə A.Kazımzadə bildirib.
Ensiklopediyanın elmi redaktoru, Azərbaycan Dövlət Film Fondunun sədri Cəmil Quliyev Azərbaycan kinosunun araşdırılması və qorunub saxlanılmasında kinoşünas Aydın Kazımzadənin mühüm rolu olduğunu bildirib.
Qeyd edək ki, kitabın ilk iki cildində Azərbaycan kino tarixinin ensiklopedik təsviri təqdim olunub.
Digər iki cilddə isə bədii, sənədli və animasiya filmləri ilə bağlı, eləcə də kinorejissorlarla bağlı adlar göstəricisi qeyd olunub.

