Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Qərbi Azərbaycan İcması Müşahidə Şurasının üzvü, Milli Məclisin Toponimiya Komissiyasının üzvü Musa Urudun “Qərbi Zəngəzur toponimlərinin izahlı lüğəti” kitabının təqdimat mərasimi keçirilib.
“Tehsil365“ xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Qərbi Zəngəzurun tarixi-coğrafi irsinin, xüsusilə də bölgəyə aid toponimlərin öyrənilməsinin mühüm elmi və tarixi əhəmiyyət daşıdığını söyləyib. O qeyd edib ki, Qərbi Zəngəzurun qədim yaşayış məskənləri, yer adları və coğrafi obyektləri Azərbaycan xalqının zəngin tarixi yaddaşını əks etdirir. Akademik təqdim olunan kitabın bu istiqamətdə aparılan araşdırmaların sistemləşdirilməsi baxımından əhəmiyyətli mənbə olduğunu vurğulayıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun baş direktoru Zaur İmrani, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, professor İsrafil İsmayılov, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü professor Cəbi Bəhramov və filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov çıxış ediblər. Çıxışlarda kitabın elmi əhəmiyyətindən bəhs edilib, nəşrdə Qərbi Zəngəzur bölgəsinə aid çoxsaylı toponimlərin tarixi mənbələr, arxiv sənədləri və elmi araşdırmalar əsasında izah olunduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, bu cür tədqiqatlar regionun tarixi-coğrafi irsinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Çıxışlarda vurğulanıb ki, Qərbi Zəngəzurun yer adlarının araşdırılması həm də bölgənin tarixinin, etnik və mədəni xüsusiyyətlərinin öyrənilməsi üçün mühüm elmi mənbə rolunu oynayır. Kitab elmi ictimaiyyət, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün faydalı nəşrdir.
Sonda kitabın müəllifi Musa Urud çıxış edərək nəşrin hazırlanma prosesi, aparılan araşdırmalar və istifadə olunan mənbələr barədə məlumat verib. O bildirib ki, kitabın ərsəyə gətirilməsində əsas məqsəd Qərbi Zəngəzur bölgəsinin qədim toponimlərini toplamaq, onların mənşəyini araşdırmaq və elmi əsaslarla oxuculara təqdim etməkdir.
Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, rəyçiləri siyasi elmlər doktoru, professor Hikmət Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli və coğrafiya elmləri üzrə fəlsəfə doktoru Mahirə Abbasovadır.

