Hazırda Azərbaycanda vərəm xəstəliyinin aşkarlanması üçün ən müasir laborator və molekulyar diaqnostika üsullarından istifadə olunur. O cümlədən, sürətli molekulyar testlər vasitəsilə həm vərəm bakteriyasını, həm də dərmanlara davamlılıq hallarını qısa müddətdə müəyyən etmək mümkündür.
“Tehsil365“ xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova səsləndirib.
Onun sözlərinə görə, bu, xəstələrə daha düzgün və fərdi müalicə sxemlərinin seçilməsinə imkan yaradır: “Artıq statistik göstəricilərdə müsbət dəyişikliklər müşahidə olunur. Azərbaycanda vərəmlə xəstələnmə dinamikası 2015 ildə 100 min əhalidə 41,1 olduğu halda, 2025 ildə bu rəqəm 21,5-dir. Xəstələrin üçdə ikisi kişi, üçdəbiri qadınlardır. Azərbaycanda ilkin ağciyər vərəmli xəstələr arasında TDM-in (Turşuya Davamlı Mikobakteriya – Vərəm Mikobakteriyası) aşkar olunması dinamikası 2015-ci ildə 53 faiz aşkarlanma olduğu halda, 2025-ci ildə bu göstərici 86 faizə çatıb. Həm həssas, həm də dərmanlara davamlı xəstələrin müalicə göstəriciləri daha yüksək olub. Uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2015-ci ildə ölkədə 369 uşaq və yeniyetmə vərəm ilə xəstələnmişdisə, 2025-ci ildə xəstələnən uşaq və yeniyetmələrin sayı 198 olub. Hətta 2024-cü il üçün bu göstərici 278 idi, bu da əhəmiyyətli dəyişiklik olmasının sübutudur”.
İradə Axundova qeyd edib ki, Azərbaycanda vərəmin diaqnostikası və müalicəsi dövlət tərəfindən təşkil olunur və vətəndaşlar üçün tamamilə pulsuzdur: “Xəstələr dərman preparatları, laborator müayinələr və zəruri tibbi xidmətlərlə təmin olunurlar. Ölkəmizdə vərəmlə mübarizə dövlət səhiyyə siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə yeni nəsil dərman preparatlarının tətbiqi nəticəsində xüsusilə dərmana davamlı vərəm formalarının müalicəsində daha yüksək nəticələr əldə edilir və bəzi hallarda müalicə müddətini qısaltmaq mümkün olur. Səhiyyə Nazirliyi vərəmlə mübarizə sahəsində strateji planlaşdırma, metodiki rəhbərlik və profilaktik tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, əhalinin maarifləndirilməsi, erkən diaqnostikanın təşviqi vasitəsilə vərəmlə mübarizə tədbirləri davamlı şəkildə gücləndirilir. Ümumilikdə məqsədimiz yalnız xəstəliyin müalicəsi deyil, həm də erkən aşkarlanma, profilaktika və cəmiyyətin məlumatlandırılması yolu ilə vərəmin yayılmasının qarşısını almaqdır”,- deyə direktor vurğulayıb.

