Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə həyata keçirilən “Məktəb ictimai müzakirədə” layihəsi çərçivəsində növbəti görüş təşkil olunub.
BŞTİ-dən ”Tehsil365"ə bildirilib ki, paytaxtdakı 247 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilən görüşdə qonaqlar əvvəlcə şagirdlərin əl işlərindən ibarət sərgi, habelə inklüziv təhsil, “Rəqəmsal bacarıqlar”, STEAM kabinetləri, “Tullantıdan həyata” və “Məktəbli avtoşəhərciyi” layihələri ilə tanış olub, Azərbaycanın tarixi şəxsiyyətlərinin obrazlarını canlandıran şagirdlərin çıxışlarını izləyiblər.
Məktəbin direktoru Sitarə Abbasova ictimai müzakirələrin məktəb, valideyn və ictimaiyyət arasında əlaqələrin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, belə görüşlər mövcud məsələlərin müzakirəsi və birgə həll yollarının tapılması baxımından faydalıdır. Direktor daha sonra tədris prosesində həyata keçirilən yeniliklər və şagird nailiyyətlərinə həsr olunmuş təqdimatla çıxış edib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Elşad Eyvazlı cəmiyyət, məktəb və media arasında açıq dialoqun genişləndirilməsi, ictimai fikrin formalaşması baxımından görüşün mühüm məna daşıdığını vurğulayıb. O, həmçinin məktəblilərin media savadlılığının artırılmasının, onların düzgün informasiya mühitində yetişməsinin vacibliyini qeyd edərək effektiv maarifləndirici tədbirlərin önəmini diqqətə çatdırıb.
Milli Məclisin deputatları Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Mehriban Vəliyeva, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, Təhsil İnstitutunun Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, QHT nümayəndələri, müəllimlər, valideynlər və digər çıxış edənlər təhsil ocağının fəaliyyətini, həyata keçirilən layihələri müsbət qiymətləndirib, belə müzakirələrin təhsil mühitində müvafiq məsələlərin həllinə töhfə verdiyini söyləyiblər. Eyni zamanda, maarifləndirici layihələrin genişləndirilməsinin və ictimai institutların bu prosesə daha fəal qoşulmasının əhəmiyyətini qeyd ediblər.
Görüş zamanı şagirdlərin ifasında kompozisiyalar təqdim olunub.
Xatırladaq ki, layihənin əsas məqsədi ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair ictimai hesabatlılığın genişləndirilməsi, ictimaiyyətlə açıq dialoqun qurulması və təhsil mühitində şəffaflığın daha da artırılmasından ibarətdir.

