Əqli Mülkiyyət Agentliyinin əməkdaşları ötən il Bakı Ali Neft Məktəbində (BANM) əqli mülkiyyət mövzusunda maarifləndirici təlimlər keçiriblər.
Bu barədə “Tehsil365"ə Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin mütəxəssisləri tərəfindən keçirilmiş təlimlərdə əqli mülkiyyətə aid bir sıra mövzular, o cümlədən beynəlxalq patentləşdirmə və mexanika, kimya sahəsi üzrə ixtiralara dair iddia sənədlərinin tərtibatının xüsusiyyətləri, patentin iddia sənədinin verilməsi, ixtira sənədlərinin Avrasiya Patent Təşkilatına təqdim edilməsi, habelə Agentlikdə yaradılmış “Patentlərə, Əmtəə Nişanlarına Açıq Hədəf” (PƏNAH) sistemi barədə ətraflı məlumat verilib.
Təlimin başa çatması ilə əlaqədar Agentlikdə bu günlərdə tədbir keçirilib. Tədbirdə təlimi müvəffəqiyyətlə bitirən BANM-in əməkdaşlarına sertifikatlar təqdim olunub.
Tədbir iştirakçıları, həmçinin Agentliyin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında olublar. Onlara kitabxananın fondlarında saxlanılan elmi ədəbiyyat barədə məlumat verilib.
Sonra BANM-in əməkdaşları kitabxanaya üzv yazılıblar.

