Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində idman ictimaiyyəti ilə görüş keçirilib. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil olunan tədbirdə bir qrup idman xadimi mükafatlandırılıb.
“Tehsil365" AZƏRTAC istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov Azərbaycanda idmanın inkişaf strategiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahənin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Qeyd olunub ki, ölkədə müasir idman infrastrukturu yaradılıb, idmançılar beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı dövlət qayğısı ilə əhatə olunub, gənclərin sağlam həyat tərzinə təşviqi, idman infrastrukturu layihələrinin icrasına diqqət artırılıb.
Bildirilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq son iki il ərzində Naxçıvan şəhəri və muxtar respublikanın bütün regionlarını əhatə etməklə ümumilikdə 19 yerdə sadə tipli idman qurğularının, o cümlədən bu il Babək, Culfa və Şahbuzda “Sağlam məhəllə” layihəsi çərçivəsində idman zonalarının istifadəyə verilməsi idmanın inkişafına zəmin yaradan amillərdəndir.
İdmançılarımız ölkə və beynəlxalq arenalardakı uğurlarından bəhs edən Məcid Seyidov bildirib ki, ötən il Naxçıvan idmançıları 198-i qızıl, 129-u gümüş, 117-si bürünc olmaqla, ümumilikdə 444 medal qazanıblar. 2026-cı ilin müvafiq dövründə isə 50 medal qazanılıb. Bu nəticələr görülən işlərlə yanaşı, idmana göstərilən dövlət dəstəyindən, məşqçi və idmançıların peşəkar hazırlığından irəli gəlir. Nazir müavini çıxışın sonunda Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbriklərini ifadə edib, idmançılara, idman ictimaiyyətinin hər bir üzvünə uğurlar arzulayıb.
Tədbir çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının solistləri tərəfindən vətənpərvərlik mahnıları səsləndirilib və idman klublarının nümunəvi çıxışları olub.
Sonra mükafatlandırma mərasimi keçirilib.
İdman xadimlərindən İbrahim Mirzəyev, Nazim Əliyev, Heyrat Qulamov, Məmmədəli Rəhimov, Adil Sevdimalıyev, İbrahim Rzayev, Yaşar Səfərov, Zamin Rüstəmov, Həsən Kərimov, Cəmşid Əsədov, Ramiz Məmmədov və Abbas Bağırov uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə fəxri fərmanla təltif olunublar. Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbi, “Turan” döyüş klubu, “Qapıçıq” karate-do idman klubu, “Xatun” bədii gimnastika idman klubu və “Levent Bulut-Naxçıvan” döyüş klubu da uğurlu fəaliyyətə görə mükafatlandırılıblar.

