Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının tələbələri BMA-nın İxtisas musiqi məktəb-studiya şagirdləri ilə açıq dərslər keçiriblər.
Bu barədə “Tehsil365"ə MA-nın İxtisas musiqi məktəb-studiyasının elmi-metodik işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşiyeva məlumat verib.
Açıq dərslərin tələbələrə öz bacarıqlarını nümayiş etdirmək və tənqidi rəylər almaq imkanı verdiyini söyləyən Aytən Baxşiyeva deyib: “Tələbələrə səhnədə performans göstərməyi öyrənir, bu, irəlidə konsertlər və müsabiqələr üçün əvəzsiz təcrübədir. Həmçinin gələcəkdə müəllimlik peşəsi üçün də vacib amildir. Müxtəlif ifaları sərgiləyərək tələbə və şagirdlər musiqi təcrübəsini genişləndirir, öz zəif və güclü tərəflərini görürlər”.
Onun sözlərinə görə, hər tədris ilində mütəmadi şəkildə təşkil edilən Bakı Musiqi Akademiyası tələbələrinin Məktəb-studiya şagirdləri ilə açıq dərslər pedaqoji və metodik baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu dərslər bir tərəfdən ali musiqi təhsili mühitinin prinsiplərini və tələblərini məktəb səviyyəsində nümayiş etdirir, digər tərəfdən isə şagirdlərin gələcək peşə istiqamətinin formalaşmasına stimul verir. Beləliklə, sözügedən təşəbbüs orta ixtisas və ali musiqi təhsili pillələri arasında davamlılıq və varislik prinsipini təmin edən mühüm əlaqələndirici körpü funksiyasını yerinə yetirir. Bu, həm musiqi mədəniyyətinin təbliği, həm də gənc nəsil üçün sosial dəstək yaradır.
Çıxışlar zamanı müəllimlər tərəfindən verilən suallar da ətraflı şəkildə cavablandırılıb, müəyyən diskussiya aparılıb.
“Açıq dərslər təkcə tədris və pedaqogika üçün deyil, həm də tələbələrin özünüifadəsi, müəllimlərin peşəkarlığının inkişafı və musiqi mədəniyyətinin geniş auditoriyaya çatdırılması üçün vacibdir. Bu səpkili dərslər mütəmadi olaraq təşkil olunmalıdır. Göründüyü kimi, onlar həm öyrənmə, həm yaradıcılıq, həm də sosial qarşılıqlı əlaqə baxımından əvəzsiz bir vasitədir”, - deyə Aytən Baxşiyeva bildirib.

