Məktəbəqədər dövr uşaqların emosional və sosial bacarıqlarının formalaşdığı ən həssas mərhələlərdən biri hesab olunur. Bu dövrdə uşağın özünü ifadə etməsi, hisslərini tanıması və başqaları ilə ünsiyyət qurması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı məktəbəqədər təhsil eksperti Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.
Ekspert bildirib ki, uşaqların emosional inkişafını dəstəkləmək üçün bağçalarda müxtəlif pedaqoji metodlardan istifadə olunur: “Ən effektiv yanaşmalardan biri oyun əsaslı təlim modelidir. Oyun vasitəsilə uşaqlar həm öz hisslərini ifadə etməyi, həm də başqalarının emosiyalarını anlamağı öyrənirlər.”
Onun sözlərinə görə, kollektiv fəaliyyətlər də bu prosesdə mühüm rol oynayır: “Qrup oyunları, rollu fəaliyyətlər və birgə tapşırıqlar uşaqlarda əməkdaşlıq, paylaşma və empatiya kimi bacarıqların formalaşmasına kömək edir.”
Ekspert qeyd edib ki, müəllimlərin uşaqlara fərdi yanaşması da vacib amillərdəndir: “Hər uşağın emosional reaksiyası fərqlidir. Buna görə də tərbiyəçilər uşaqların davranışlarını diqqətlə izləməli və onların ehtiyaclarına uyğun yanaşma tətbiq etməlidirlər.”
Sonda mütəxəssis vurğulayıb ki, emosional inkişaf yalnız bağça mühiti ilə məhdudlaşmır: “Valideynlərin dəstəyi və ailə mühiti uşağın emosional sabitliyinin formalaşmasında mühüm rol oynayır.”

