Estoniyanın Tallin şəhərində Müəllim Peşəsi üzrə Beynəlxalq Sammit (International Summit on the Teaching Profession 2026 -ISTP 2026) öz işinə başlayıb. “Dəyişikliklər: Gələcək təlim mühitində müəllimlər və təhsilalanlar” adlı sammitdə müəllimlərə dəstək vermək və süni intellekt dövründə təhsili formalaşdırmaq üçün müzakirələr aparılıb.
“Tehsil365” xəbər verir ki, sammit təhsil nazirləri, müəllimlər birliklərinin nümayəndələri və təhsil sistemi rəhbərləri də daxil olmaqla, PISA tədqiqatında lider olan təxminən 20 ölkəni (Avstraliya, Kanada, Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Polşa, Portuqaliya, Sinqapur, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna və Birləşmiş Krallıq və s.) bir araya gətirib. İştirakçılar müəllimlik peşəsinin gələcəyini və təhsil sistemlərinin sürətlə dəyişən dünyaya necə uyğunlaşa biləcəyini müzakirə ediblər.
Qeyd edək ki, “ISTP 2026” Estoniyanın Təhsil və Tədqiqat Nazirliyi, OECD və “Education International” beynəlxalq təşkilatının birgə tərəfdaşlığı ilə təşkil olunub.

