Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri dosent Səbinə Kazımova Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində 27 Mart - Elm Gününə həsr olunmuş ustad dərsi keçib.
Universitetdən “Təhsil365”ə bildirilib ki, o, “Palçıq vulkanlarının fəaliyyətinin seysmoloji aspektləri. Yeni quraşdırılmış seysmik şəbəkə əsasında palçıq vulkanlarının monitorinqi” mövzusunda təqdimatla çıxış edib.
Məruzədə bildirilib ki, Yer kürəsində məlum olan təxminən 2000 palçıq vulkanından 365-i ölkə ərazisində və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşir. Statistik məlumatlara görə, ölkə ərazisində orta hesabla hər il 3–5 palçıq vulkanının püskürməsi qeydə alınır.
Diqqətə çatdırılıb ki, son illərdə palçıq vulkanlarının aktivliyinin öyrənilməsində rəqəmsal monitorinq sistemləri və müasir seysmik stansiyalar mühüm rol oynayır. Bu sistemlər vasitəsilə vulkan püskürmələrinin başvermə vaxtı, davametmə müddəti, fazaları, ayrılan enerji miqdarı və prosesin dərinliyi kimi parametrlər dəqiq şəkildə qeydə alınır.
2022-ci ildə dünyada ilk dəfə olaraq palçıq vulkanlarının fəaliyyəti seysmotomoqrafiya və InSAR texnologiyalarının tətbiqi ilə kompleks şəkildə analiz olunub. Aparılan tədqiqatlar nəticəsində son 20 il ərzində 41 palçıq vulkanının parametrləri qeydə alınaraq onların fəaliyyət xüsusiyyətləri təhlil edilib.
Ustad dərsində mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb və palçıq vulkanlarının seysmoloji tədqiqinin geologiya elmi üçün əhəmiyyəti vurğulanıb

