2025-ci il ərzində rəqəmsal bankçılıq xidmətlərindən istifadə göstəricilərində müsbət artım dinamikası müşahidə edilib.
“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, 01.01.2026-cı il tarixinə ölkədə fəaliyyət göstərən 21 bank, o cümlədən “Azərpoçt” MMC tərəfindən internet bankçılıq xidməti, 20 bank və “Azərpoçt” MMC tərəfindən isə mobil bankçılıq xidməti təqdim olunur.
2025-ci il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 1060 milyon ədəd, həcmi isə 507,4 milyard manat təşkil edib. Aparılan köçürmələrin say üzrə 94,4 faizi, həcm üzrə isə 82,5 faizi məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb. 2025-ci il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2024-cü illə müqayisədə 12,4 faiz artaraq 308,9 milyard manat, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 14,3 faiz artaraq 73 milyard manat olub.

