İlon Maskın rəhbərlik etdiyi “Tesla” şirkəti Böyük Britaniyada ev təsərrüfatlarına elektrik enerjisi tədarük etməyə hazırlaşır.
“Tehsil365“ Reuters-ə istinadla xəbər verir ki, şirkət bu məqsədlə ölkənin enerji tənzimləyicisindən rəsmi lisenziya alıb.
Böyük Britaniyanın enerji tənzimləyicisi “Ofgem” bildirib ki, “Tesla”nın bölməsi olan “Tesla Energy Ventures” elektrik enerjisi təchizatçısı kimi fəaliyyət göstərmək üçün təsdiq edilib. Lisenziyanın verilməsi prosesi ötən ilin iyul ayında başlanmışdı.
Yeni lisenziya ABŞ-nin Texas ştatında yerləşən “Tesla” şirkətinə Böyük Britaniya bazarında genişlənmək imkanı yaradır. Şirkət Günəş enerjisi və enerji saxlama batareyaları sahəsindəki texnologiyalarından istifadə edərək birbaşa ev təsərrüfatlarına xidmət göstərməyi planlaşdırır.
Tesla bu bazarda “Octopus Energy”, “British Gas” və EDF kimi mövcud enerji təchizatçıları ilə rəqabət aparacaq.

