"2025-ci ildə ölkə üzrə informasiya texnologiyalarından istifadə edilməklə törədilmiş 1 709 cinayət faktı qeydə alınıb və bu cinayətlərin əhəmiyyətli hissəsini onlayn oğurluq və dələduzluq halları təşkil edib".
“Tehsil365“ xəbər verir ki, bu fikirləri "Müasir Rəqəmsal Dünyada İstehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev deyib.
O bildirib ki, rəqəmsal platformalarda fəaliyyət göstərən subyektlərin istehlakçılara təqdim etdikləri xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, şəxsi və maliyyə məlumatlarının qorunması qanunun əsas tələblərindən biridir:
"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində istehlakçıların aldadılmasına, keyfiyyətsiz məhsulların istehsalına və satışına görə cinayət məsuliyyəti nəzərdə tutulub və həmin cinayətlər üzrə istintaq aparmaq səlahiyyəti polis orqanlarına həvalə edilib. Elektron mühitdə törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar müxtəlif kibertəcavüz üsullarından istifadə edirlər. Bu üsullar arasında ən geniş yayılmış olanlar saxta elektron səhifələr, saxta investisiya platformaları, maliyyə yardımı və ya qazanc vədi ilə aldadılma halları, eləcə də fişinq və digər oxşar aldatma metodlarıdır.
Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edir, müxtəlif vədlər və saxta təkliflərlə onları aldadaraq pul vəsaitlərini ələ keçirirlər. Bu üsullar ümumilikdə dəyişməz qalsa da, onların tətbiq formaları və aldatma taktikaları daim yenilənir.
Belə ki, cinayətkarlar aldatma üçün istifadə olunan proqram təminatını və texnoloji vasitələri mütəmadi olaraq təkmilləşdirir və mövcud texnoloji imkanlara uyğunlaşdırırlar. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər formalaşdırır. Artıq bəzi hallarda süni intellekt vasitəsilə fişinq mesajlarının hazırlanması və hətta insanların səs və görüntülərinin təqlid edilməsi kimi üsullardan istifadə olunmaqla şəxslərin aldadılması faktları müşahidə olunur.
Eyni zamanda, cinayət yolu ilə əldə edilən pul vəsaitlərinin izlənilməsi daha mürəkkəb olan kriptoaktivlərə çevrilməsi halları da baş verir ki, bu da istintaq prosesini çətinləşdirir".
O qeyd edib ki, təcrübədə bu xarakterli cinayətlərin araşdırılması və təqsirli şəxslərin müəyyən edilməsi prosesini mürəkkəbləşdirən bir sıra obyektiv amillər də mövcuddur:
"İlk növbədə qeyd edilməlidir ki, kibercinayət fəaliyyəti ilə məşğul olan qruplar adətən transmilli xarakter daşıyır və bu xüsusiyyət istintaq tədbirlərinin həyata keçirilməsini daha da çətinləşdirir.
Digər tərəfdən belə qrupların üzvləri arasında birbaşa fiziki əlaqə əksər hallarda mövcud olmur və onlar bir-birini şəxsən tanımırlar. Əlaqələr əsasən sosial şəbəkələr, müxtəlif mesajlaşma tətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindən qurulur.
Bununla belə kibercinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər və beynəlxalq əməkdaşlıq mexanizmləri müəyyən müsbət nəticələr verməkdədir. Qlobal xarakter daşıyan bu cinayətlərin araşdırılması zamanı beynəlxalq hüquqi yardım mexanizmlərindən geniş istifadə edilir.
Lakin vurğulamaq istəyirəm ki, kibertəhlükələrlə mübarizə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşa bilməz. Bu sahədə effektiv nəticələrin əldə olunması üçün bütün maraqlı tərəflərin - dövlət qurumlarının, bankların, maliyyə təşkilatlarının, rəqəmsal platforma operatorlarının və digər qurumların birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Bu kontekstdə istifadəçilərin maarifləndirilməsi əsas istiqamətlərdən biridir. Təcrübə göstərir ki, bir çox hallarda kibercinayətlərin baş verməsinin əsas səbəblərindən biri vətəndaşların kibertəhlükələr barədə kifayət qədər məlumatlı olmamasıdır".
E.Mehdiyev vurğulayıb ki, buna görə də təhlükəsiz internet istifadəsi, şəxsi məlumatların qorunması və rəqəmsal təhlükəsizlik qaydaları barədə ictimai maarifləndirmə tədbirlərinin davamlı şəkildə aparılması vacibdir:
"Bu istiqamətdə vətəndaşların şəxsi və bank kartı məlumatlarının üçüncü şəxslərə ötürülməsinin təhlükələri barədə mütəmadi olaraq məlumatlandırıcı materiallar hazırlanır və ictimaiyyətə təqdim olunur".

