Azərbaycanın Yaponiyadadkı səfiri Fərid Talıbov bu ölkənin Xirosima şəhərinin administrasiyasını 2026-cı il mayın 17-dən 22-dək Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etməyə dəvət edib.
“Tehsil365”in məlumatına görə, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyinin feysbukdakı paylaşımında bildirilib.
Məlumata əsasən, Fərid Talıbov Xirosima şəhərinin meriyasını ziyarət edərək şəhərin meri Kazumi Matsui ilə görüş keçirib.
"Səfir Fərid Talıbov həmçinin Xirosima şəhərini bu ilin may ayında Azərbaycanda keçiriləcək WUF13-də iştirak etməyə dəvət edib. Bu forumda dünya liderləri və ekspertlər mənzil çatışmazlığı və davamlı şəhər inkişafı kimi aktual problemləri müzakirə edəcəklər", - bəyanatda qeyd olunub.
Vurğulanıb ki, Xirosimanın İkinci Dünya müharibəsindən sonra bərpa və inkişaf təcrübəsi beynəlxalq ictimaiyyət üçün mühüm nümunədir. Görüş zamanı tərəflər həmçinin cari regional vəziyyət, eləcə də ölkələr arasında sabitlik və sülhün qorunmasında əməkdaşlığın əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.
Mer Kadzumi Matsui öz növbəsində mürəkkəb beynəlxalq şəraitdə ölkələrin üzləşdiyi çağırışları qeyd edib, həmçinin beynəlxalq əməkdaşlığı qoruyaraq öz cəmiyyətlərini müdafiə etməyin vacibliyini vurğulayıb.

