Ekspertin fikrincə, ilkin tibbi yardımın düzgün və vaxtında göstərilməsi insan həyatını xilas edə bilər. O, insanların sadə üsulları bilməsinin vacibliyini qeyd edərək bildirib ki, hər kəs elementar tibbi yardım qaydalarını öyrənməli və gündəlik həyatda tətbiq etməyə hazır olmalıdır.
Tibb eksperti Aydın Əliyev “Tehsil365 “ə açıqlamasında qeyd edib ki, ilkin tibbi yardım hər zaman xəstənin hansı vəziyyətdə olmasından asılıdır. Onun sözlərinə görə, travma, yanıq, boğulma, dəm qazından zəhərlənmə və digər hallarda ilk yardım üsulları fərqlənir və bu səbəbdən hər bir situasiya ayrıca yanaşma tələb edir.
“İlkin tibbi yardım dedikdə bu vəziyyətdən asılı olur, xəstə hansı şəraitdədir. Travmamı alıb, yanıqlarmı var, yoxsa sudamı boğulub, dəm qazından zəhərlənmədirmi – bu situasiyalar həddindən artıq çoxdur və ilkin tibbi yardım vəziyyətdən asılıdır. Məsələn, deyək ki, xəstə dəm qazından zəhərlənib. İlkin vəziyyətdə xəstəni təmiz havaya çıxartmaq, paltarlarını təmiz yeniləri ilə dəyişdirmək və oturaq vəziyyətə keçirtmək lazımdır. Bunlar bu halda ediləcək ilkin tibbi yardımlardır,” – deyə Aydın Əliyev vurğulayıb.
Ekspertin sözlərinə görə, qanaxma hallarında əsas məqsəd qanaxmanı dayandırmaq və sarğı qoymaqdır: “Əgər qanaxma varsa, qanaxmanı dayandırmaq, sarğını sarmaq ilkin dərmansız tibbi yardımlardır. Bundan əlavə, bəzi xəstələr var ki, təzyiqləri qalxır və ya enir. Bu halda həkimlər aşağı salmaq ya da yuxarı qaldırmaq üçün dərmanlardan istifadə edirlər. Bəzi hallarda xəstənin təzyiq problemi yaranır və başı ağrıyır. Deməli, bu halda aşağı ətraf damarlarını genişləndirmək lazımdır. Çox sadə bir üsul var – ayaqları isti su ilə vanna etmək müəyyən dərəcədə dərmansız ilkin tibbi müdaxilə vasitəsidir.”
Aydın Əliyev həmçinin həyati göstəricilərin qorunmasının vacibliyini vurğulayıb: “Həyati göstərici əsas nəfəs, ürək-damar mərkəzləridir və uzunsov beyində yerləşir. Həkimlər tənəffüs mərkəzini oyadan dərmanlardan istifadə edirlər, yaxud da ürək-damar sisteminə təsir edən dərmanlardan istifadə edirlər. Çünki həyati göstəriş birinci həmin daxili orqanların patologiyaları zamanı tənəffüs mərkəzi və ya ürək-damar mərkəzində ləngimə varsa, onları oyadan dərmanlardan istifadə edirlər. Bir də nəfəs problemi olanda naşatir spirti, yəni amonyakdan istifadə olunur.”

