"Çünki bu cür kitablar həm beynimizi, həm də emosiyalarımızı inkişaf etdirir,” – deyə Nabat Mirzəyeva qeyd edib.
Psixoloq Nabat Mirzəyeva “Tehsil365”ə açıqlamasında bildirib ki, kitab oxumaq sadəcə informasiya əldə etmək deyil, eyni zamanda düşüncələrin, emosiyaların və dünya görüşünün formalaşmasına təsir edən mühüm bir prosesdir. Onun sözlərinə görə, mütəmadi olaraq kitab oxuyan insanlar hadisələrə daha geniş baxış bucağı ilə yanaşa bilir, empati qurma qabiliyyəti və başqalarını anlama bacarıqları daha yüksək olur.
“Oxuduğumuz kitablar psixologiyamıza böyük əhəmiyyətli dərəcədə təsir edir. Kitab oxuduğumuz zaman ordan aldığımız informasiya bizim baxış bucağımıza çox böyük bir şəkildə təsir göstərir. Araşdırmalarda göstərilir ki, mütəmadi olaraq kitab oxuyan insanlar hadisələrə daha geniş perspektivdən baxa bilir, empati qurma qabiliyyəti və başqalarını anlama bacarıqları daha yüksək olur. Xüsusilə də bədii ədəbiyyat oxuyan insanlar başqalarının hisslərini, həyat təcrübələrini anlamaqda daha güclü olurlar. Oxuduğumuz həmin bədii ədəbiyyatın içərisindəki yanaşmalar bizim baxış bucağımıza təsir göstərir və bir növ həmin obrazların yaşadığı emosiyaları özümüzdə yaşayırmış kimi hiss edirik. Bu isə emosional zəkanın inkişafına böyük təsir göstərir,” – deyə psixoloq vurğulayıb.
Nabat Mirzəyeva əlavə edib ki, kitablar insanın düşüncə və qərarvermə prosesinə də təsir göstərir: “Məsələn, inkişaf yönümlü motivasiyaedici kitab oxuduqda insanın özünə inamı artır, problemlərə daha konstruktiv yanaşma formalaşır və şəxsi inkişaf üçün stimul yaranır. Psixoloji və fəlsəfi mövzulu kitablar isə insanın özünü tanımasına, daxili dünyasını daha yaxşı dərk etməsinə kömək edir.”
Ekspertin sözlərinə görə, oxunan kitabların keyfiyyəti də mühüm amildir. “Müsbət düşünməyə təşviq edən inkişaf etdirici kitablar insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir. Amma davamlı olaraq mənfi və aqressiv məzmunlu kitablar oxumaq emosiyalara mənfi təsir göstərir. Nəticə olaraq demək olar ki, kitablar insan psixologiyası üçün zehni qida rolunu oynayır. Hansı kitabları oxuduğumuz və hansı mənbələrdən məlumat topladığımız çox önəmlidir. Ona görə də seçdiyimiz kitablara diqqətlə yanaşmalı, gücümüz yetən qədər inkişaf etdirici və ədəbiyyat yönümlü kitablara üstünlük verməliyik.”

