Finlandiyanın paytaxtı Helsinki şəhərində fəaliyyət göstərən Azərbaycan Evində tanışlıq xarakterli tədbir keçirilib.
“Tehsil365" xəbər verir ki, tədbirdə layihələr üzrə mütəxəssislər Pia Halttunen (milli layihələr) və Jaana Savel (beynəlxalq layihələr), eləcə də Satakunta Tətbiqi Elmlər Universitetinin (SAMK) kommunikasiya üzrə mütəxəssisi Jatta Lehtonen və digər qonaqlar iştirak ediblər.
Tədbir zamanı Azərbaycan haqqında ümumi məlumat təqdim olunub, həmçinin Finlandiyada fəaliyyət göstərən Azərbaycan Evinin işi və həyata keçirilən fəaliyyətlər barədə danışılıb.
Görüş çərçivəsində dünyada fəaliyyət göstərən Azərbaycan Evlərinin məqsədi haqqında da məlumat verilib. Bildirilib ki, Azərbaycan evləri müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icmasının bir araya gəlməsi, milli mədəniyyətin, dilinin və ənənələrin tanıdılması istiqamətində fəaliyyət göstərir.
Eyni zamanda, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, diaspor təşkilatlarının dəstəklənməsi və xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində həyata keçirilən layihələr barədə də məlumat təqdim olunub.
Tədbirin sonunda gələcək əməkdaşlıq imkanları və mümkün layihələr ətrafında fikir mübadiləsi aparılıb.

