“Riyaziyyat fənnində uğur qazanmaq üçün şagirdlərin təməl bilikləri möhkəm olmalıdır.”
Bu sözləri “Tehsil365"ə açıqlamasında riyaziyyat müəllimi Arif Əliyev bildirib.
Müəllim qeyd edib ki, bəzi şagirdlər əvvəlki mövzuları tam anlamadan yeni mövzulara keçdikdə çətinlik yaşayırlar. Onun sözlərinə görə, riyaziyyatda hər mövzu əvvəlkilərlə bağlı olduğundan təməl biliklərin zəif olması ümumi nəticələrə təsir göstərir.
“Şagirdlər əsas anlayışları düzgün mənimsədikdə daha mürəkkəb məsələləri həll etmək onlar üçün daha asan olur,” — deyə Arif Əliyev vurğulayıb.
O əlavə edib ki, dərs zamanı mövzuların addım-addım izah olunması və praktik tapşırıqların verilməsi şagirdlərin mövzunu daha yaxşı başa düşməsinə kömək edir.
“Daimi təkrar və praktiki məşqlər riyaziyyatın daha yaxşı mənimsənilməsində mühüm rol oynayır,” — deyə müəllim qeyd edib.
Arif Əliyevin sözlərinə görə, valideynlərin də uşaqların dərs prosesinə maraq göstərməsi və onları motivasiya etməsi şagirdlərin uğuruna müsbət təsir edir.

