Bakı Slavyan Universitetində (BSU) abituriyentlər üçün maarifləndirici infoturlar təşkil olunub.
Bu barədə "Tehsil365"ə BSU-dan məlumat verilib. Bildirilib ki, martın 12-də universitetdə Nərimanov rayonu Məhəmmədhüseyn Şəhriyar adına 193 nömrəli tam orta məktəbin 10–11-ci sinif şagirdlərinin iştirakı ilə infotur keçirilib. Məqsəd şagirdlərin universitet mühiti ilə yaxından tanış olması və ali təhsil imkanları barədə məlumatlandırılmasıdır.
Tədbirdə çıxış edən universitetin rektoru Anar Nağıyev bildirib ki, BSU inklüziv təhsil prinsiplərinə əsaslanaraq hər bir gəncin bilik və bacarıqlarını inkişaf etdirməsi üçün bərabər imkanlar yaradır. Onun sözlərinə görə, bu cür görüş və infoturlar məktəblilərin universitet mühiti ilə yaxından tanış olması, onların maraq və ideyalarının dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Rektor çıxışında “BSU-nun gənc dostu” layihəsindən də bəhs edərək universitetin gənclərin təşəbbüslərini daim dəstəklədiyini və onların gələcəkdə seçdikləri sahədə uğurlu mütəxəssis kimi formalaşmasına töhfə verməyi hədəflədiyini vurğulayıb.
A.Nağıyev qeyd edib ki, hazırda BSU-nun Regionşünaslıq (Polşa üzrə) ixtisasında təhsil alan 25 tələbə Polşa Respublikasının müxtəlif universitetlərində mübadilə proqramlarında iştirak edir. O bildirib ki, universitet beynəlxalq əməkdaşlıq əlaqələrini genişləndirir və bu istiqamətdə Polşa ilə yanaşı Bolqarıstan, Albaniya və digər ölkələrin ali təhsil müəssisələri ilə yay məktəbləri və tələbə mübadilə proqramları həyata keçirilir.
Rektor həmçinin diqqətə çatdırıb ki, IELTS imtahanından 7 və daha yüksək bal toplayan tələbələr universitetdə “İngilis dili” fənnindən azad edilirlər.
Bildirilib ki, universitet tərəfindən təşkil olunan infoturlarda iştirak edən abituriyentlərdən 500 baldan yuxarı nəticə göstərərək BSU-ya qəbul olunanlara müxtəlif hədiyyələr təqdim olunacaq.
Tədbir çərçivəsində iştirakçılara BSU-nun yaranma tarixi, inkişaf yolu, fakültə və ixtisasları, universitetdə tədris olunan xarici dillər, eləcə də beynəlxalq əməkdaşlıq və tələbə mübadilə proqramları barədə geniş məlumat verilib.
Infotur zamanı abituriyentlər universitetin tədris infrastrukturu ilə də tanış olublar. Onlara əsas tədris binasında yerləşən Kitabxana-Öyrənmə Mərkəzi, müasir auditoriyalar, Yüksək təhsil mərkəzi, Müəllim inkişaf mərkəzi, Müasir dillərin öyrənmə və sertifikasiya mərkəzi, “LingAI Lab” otağı, Karyera inkişafı, əmək bazarı və məzunlarla iş şöbəsi, həmçinin Rektorluq otağı təqdim olunub.
Tədbirin davamında universitetin Akt zalında tələbə həyatı ilə bağlı təqdimat keçirilib, BSU haqqında videoçarx nümayiş etdirilib. Həmçinin Tələbə Gənclər Təşkilatının fəaliyyəti və tələbələr üçün yaradılan imkanlar barədə məlumat verilib. Eyni zamanda universitetin “Zəfər” yaradıcılıq qrupunun ifasında qısa musiqili proqram təqdim olunub.
Sonda abituriyentlərin sualları cavablandırılıb, qəbul qaydaları, təqaüd imkanları, tələbə həyatı və beynəlxalq proqramlar barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, universitetdə təşkil olunan infoturların növbəti günlərdə də davam etdirilməsi planlaşdırılır.

