1918-ci ildə yaradılan Moskva Dövlət Şərq Muzeyinin inventar kitablarına daxil edilən ilk eksponat XIX əsrə aid Qarabağ qrupuna məxsus Azərbaycan xalçası olub.
Bu barədə “Təhsil365”ə müsahibəsində muzeyin elmi əməkdaşı, sənətşünas Mariya Filatova məlumat verib.
O qeyd edib ki, Azərbaycan incəsənəti muzeyin kolleksiyasında mühüm yer tutur. “Azərbaycan muzeyimizin kolleksiyasında təsviri və dekorativ-tətbiqi incəsənət nümunələri ilə təmsil olunur. Dekorativ-tətbiqi incəsənət bizim üçün həm mədəni, həm də bədii əhəmiyyət daşıyır. Ən maraqlısı isə Azərbaycan xalçasının Dövlət Şərq Muzeyinin tarixində və yaranma kontekstində əhəmiyyətə malik olmasıdır”, - deyə o bildirib.
Mariya Filatovanın sözlərinə görə, 1918-ci ildə fəaliyyətə başlayan muzey “Ars Asiatica” adlanırdı: “O zaman açılan inventar kitabında məhz Qarabağ qrupuna aid XIX əsr Azərbaycan xalçası birinci xalça kimi qeyd olunub. Zaman keçdikcə muzeyin kolleksiyası xeyli genişlənib. Azərbaycana aid eksponatlar həm tamaşaçılar, həm də bizim üçün – elmi əməkdaşlar və tədqiqatçılar üçün çox maraqlıdır, çünki onlar azərbaycanlıların müxtəlif dövrlərdə həyat tərzini əks etdirir”. Muzeyin daimi ekspozisiyasının Qafqaz zalında Azərbaycana həsr olunmuş ayrıca guşə var. Burada xalçalar, mis üzərində döymə üsulu ilə hazırlanmış məmulatlar və tikmələr nümayiş etdirilir. Maraqlı eksponatlardan biri də XIX əsrə aid səfir süfrəsidir. “Əslində bu cür süfrələr masa örtüyü kimi istifadə olunmurdu. Onlar hörmətli qonaqlara hədiyyə edilirdi, hədiyyələr həmin süfrələrə bükülürdü. Yəni bu, bir növ diplomatik ənənənin elementi idi”, - deyə Maiya Filatova bildirib. O əlavə edib ki, səfir süfrələrinin hazırlanma üsulu olduqca mürəkkəb idi: “Onları kişilər tikirdilər. Çünki süfrələrin tikilməsində qızıl saplardan istifadə olunurdu və hesab edilirdi ki, qadın əlinin toxunuşundan qızıl solur”.

