Martın 13-də Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Aktotı Raimkulovanın Azərbaycan media nümayəndələri ilə görüşü keçirilib.
“Tehsil365" xəbər verir ki, görüş Azərbaycan media orqanlarının Fondun Türk dünyasının zəngin mədəni irsinin beynəlxalq səviyyədə təbliği istiqamətində həyata keçirdiyi fəaliyyətləri illər boyu ardıcıl şəkildə işıqlandırmalarına görə onlara təşəkkürün ifadə edilməsi məqsədi daşıyıb.
Tədbirdə Fondun ötən illərdəki fəaliyyəti, həyata keçirilən genişmiqyaslı layihələr və beynəlxalq tədbirlər barədə məlumat verilib, həmçinin təşkilatın inkişaf yolu və Türk dünyasının ortaq mədəniyyətinin qlobal miqyasda tanıdılması istiqamətində əldə olunan nəticələr diqqətə çatdırılıb.
Tədbiri giriş sözü ilə açan Fondun prezidenti Aktotı Raimkulova media nümayəndələrinə təşəkkür edərək bildirib ki, təşkilatın fəaliyyətində media mühüm rol oynayır. O qeyd edib ki, Fond türk dövlətləri arasında mədəni əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir və 2024–2025-ci illər təşkilat üçün institusional inkişaf və keyfiyyətcə yüksəliş dövrü olub.
Fond prezidentinin sözlərinə görə, ötən il müxtəlif akademik, mədəni və praktiki layihələrlə yadda qalıb. “Ötən ilin may ayında Budapeştdə keçirilən qeyri-rəsmi sammitdə Özbəkistanın Fondumuza tamhüquqlu üzv kimi qoşulması barədə tarixi qərar qəbul edildi. Oktyabr ayında isə Azərbaycanın Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Sammitində Türkmənistan müşahidəçi dövlət statusunda Fondumuza qoşuldu”, – deyə A.Raimkulova vurğulayıb.
O bildirib ki, hesabat dövründə Fond tərəfindən 70-dən çox kompleks layihə həyata keçirilib. Ümumilikdə isə 2024–2025-ci illərdə 135 tədbir və təşəbbüs reallaşdırılıb, 40 birgə layihə icra olunub, 37 yaradıcılıq təşəbbüsünə dəstək göstərilib, 23 təhsilyönümlü tədbir təşkil edilib, 19 elmi-tədqiqat proqramı həyata keçirilib, bərpa və muzeyləşdirilmə üzrə 5 layihəyə dəstək verilib.
Aktotı Raimkulova bildirib ki, maddi-mədəni irsin qorunması Fondun prioritet istiqamətlərindən biridir. Bu çərçivədə Qırğızıstanda şair Alıkul Osmonovun ev-muzeyinin bərpası tamamlanıb, Qaraxanlılar dövrünə aid tarixi obyektlərdə tədqiqat və bərpa işləri aparılır. Azərbaycanda Füzuli rayonunda XVIII əsrə aid Qoçəhmədli məscidinin bərpasına başlanılıb, Qazaxıstanda isə qədim Kulan şəhərciyinin muzeyləşdirilməsi layihəsi həyata keçirilir.
Fond prezidenti vurğulayıb ki, bu layihələr yalnız tarixi abidələrin qorunmasına deyil, həm də onların mədəni, təhsil və turizm infrastrukturuna inteqrasiyasına xidmət edir

