Türkiyənin tanınmış tarixçi-alimi, yazıçı İlber Ortaylı müalicə aldığı xəstəxanada vəfat edib.
“Tehsil365“ xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Məlumatda bildirilir ki, səhhətindəki problemlərə görə bir müddətdir reanimasiya müalicəsi alan 78 yaşlı alim süni tənəffüs aparatına qoşulmuşdu.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu İlber Ortaylının vəfatı ilə bağlı paylaşdığı mesajda bildirib:
"Türkiyə böyük bir dəyərini, bir tarix dahisini itirdi. Ölkəmizin yetişdirdiyi müstəsna şəxsiyyətlərdən biri olan hörmətli professorumuzun vəfatını böyük bir kədər ilə öyrəndim. Ailəsinə, tələbələrinə və sevimli millətimizə başsağlığı verirəm".
İlber Ortaylı kimdir?
İlber Ortaylı 1947-ci ildə Avstriyada doğulub. İki yaşında ailəsi ilə birlikdə Türkiyəyə köçüb. İlk və orta təhsilini İstanbul Avstriya Liseyində tamamlayıb. 1965-ci ildə Ankara Atatürk Liseyindən məzun olub. 1970-ci ildə Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix Bölümünü bitirib.
Vyana Universitetində slavyan və Şərqi Avropa dilləri üzrə təhsil alıb. Magistr dərəcəsini Çikaqo Universitetində Halil İnalcık ilə tamamlayıb. 1974-cü ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində doktor, 1979-cu ildə həmin fakültədə dosent dərəcəsi alıb.
2005-ci ildə Topkapı Sarayı Muzeyinin direktoru olub. Yeddi il bu vəzifədə qalan Ortaylı, 2012-ci ildə yaş həddindən təqaüdə çıxaraq vəzifəsini Ayasofya Muzeyinin direktoru Haluk Dursuna təhvil verib. O, eyni zamanda Beynəlxalq Osmanlı Araşdırmaları Komitəsinin direktorlar şurasının üzvü və Avropa İran Araşdırmaları Cəmiyyətinin və Avstriya-Türkiyə Elmlər Forumunun üzvü olub. 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin müşaviri təyin edilib.
Ortaylı yüksək səviyyədə Alman, Rus, İngilis, Fransız, İtalyan, Fars, orta səviyyədə isə Latın dilini bilirdi.

