Çin Xalq Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Çin Xarici Mədəniyyət Mübadiləsi Mərkəzinin rəsmi orqanı olan “Çin və dünya mədəniyyət mübadiləsi” jurnalında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərovun müsahibəsi dərc olunub.
Teatrdan "Tehsil365"ə bildirilib ki, jurnalın 2026-cı il üçün ikinci nömrəsində dərc olunan müsahibənin müəllifi Song Guangxiaodur.
İlham Əsgərov Azərbaycan teatrın tarixi, müasir uğurları, beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib, Çin teatrları ilə qurulan əməkdaşlıqdan danışıb. Qeyd olunub ki, xalqın formalaşmasında, mədəni səviyyənin yüksəlməsində, mənəvi dəyərlərin təbliğində teatrın çox böyük rolu olub və bu missiya bu gün də davam edir. Müasir dövrdə Azərbaycan teatrına dövlət tərəfindən xüsusi diqqət ayrılıb. Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən hər il martın 10-u Azərbaycanda “Milli Teatr Günü” kimi qeyd edilir: “Teatrımızın inkişafında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük xidmətləri olub. Məhz onun diqqəti, böyük qayğısı nəticəsində Azərbaycanda böyük aktyor, rejissor, dramaturq nəsli yetişib, teatr prosesi böyük inkişaf yolu keçib, teatr tarixi dərindən öyrənilib”.
İlham Əsgərov, həmçinin qeyd edib ki, siyasi əlaqələrlə yanaşı Çin və Azərbaycanı mədəni münasibətlər də bağlayır: “Biz qastrollar, mədəni festivallar keçirməklə yanaşı, Çin teatrları ilə səhnə texnikası sahəsində də yaxından əməkdaşlıq etmək niyyətindəyik. Müasir Çin teatr mühiti bizim üçün hələ kəşf olunmayan böyük xəzinədir. Mədəni əlaqələrin qurulması iki dövlət arasında yüksək səviyyədə olan siyasi, iqtisadi əlaqələrə öz böyük töhfəsini verəcək”, - deyə teatrın direktoru əlavə edib.
Qeyd edək ki, “Çin və dünya mədəniyyət mübadiləsi” jurnalı 1992-ci ildən Çin və ingilis dillərində 30 min tirajla nəşr olunur, 180-dən çox ölkə və regionda yayımlanır.

